Bank Of Baku

Mançesterdə Azərbaycan gecəsi keçirilib - FOTOSESSİYA

Mançesterdə Azərbaycan gecəsi keçirilib - <font color=red> FOTOSESSİYA 	</font>
# 16 noyabr 2010 07:41 (UTC +04:00)
APA-nın məlumatına görə, gecənin təşkilatçıları Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu (ASAİF) və Azərbaycan Avropa Cəmiyyəti (TEAS) olub. Tədbirdə Böyük Britaniyada təhsil alan dünyanın müxtəlif ölkələrindən olan 100-dən çox tələbə, o cümlədən ali məktəblərin müəllim heyəti iştirak edib. Bununla yanaşı Böyük Britaniyanın digər şəhərlərindən də tədbirə maraq böyük olub. Tədbir dünyanın 111 ölkəsindən olan 3500 nəfər əcnəbi tələbəni özündə birləşdirən “The İnternational Society” xeyriyyə təşkilatının qərargahının konfrans zalında baş tutub.

Mədəniyyət gecəsi Azərbaycanın zəngin irsi dəyərlərinə, onun musiqisinə, rəqslərinə, mətbəxinə, təbiətinə və tarixinə həsr olunub. Üç saatdan çox davam edən tədbirin qonaqları Azərbaycan haqqında daha geniş məlumatlar əldə edib, milli şirniyyat və yeməklərimizdən dadıb, həmçinin milli rəqslərimizlə tanış olma, onları öyrənmə və müxtəlif hədiyyələr qazanma şansı əldə ediblər. Azərbaycanın ləziz dolması və Gəncə paxlavası qonaqların xüsusi diqqətinə səbəb olub. Tədbirin ən çox maraq doğuran hissəsi rəqslər olub. Dörd tələbəmiz - Murad Nəsibov, Fərman Fərmanov, Elin Malikzadə və Emin Əhmədzadə milli rəqsi ifa etdikdən sonra bütün qonaqlar onlara qoşulub və tədbirin sonunda milli musiqimiz olan yallı sədaları altında qonaqlarla birlikdə rəqs ediblər. Bundan sonra Elin Malikzadə “Qubanın ağ alması” xalq mahnısını pianoda ifa edib.

Azərbaycanlı gənclər Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın işğalçı mövqeyi haqqında tədbir iştirakçılarına ətraflı məlumat veriblər. Tədbirdə Böyük Britaniyadan olan qonaqlar da çıxış edib, Azərbaycan haqqında olan xoş fikirlərini tədbir iştirakçıları ilə bölüşüb və Azərbaycanı görmə istəklərini dilə gətiriblər. Tədbirin məntiqi sonu olaraq Mançesterdə ilk “Azərbaycan icması” yaradıldığı bəyan olunub.

ASAİF bu çərçivədə növbəti tədbirləri Böyük Britaniyanın London, York və Liverpul şəhərlərində keçirməyi planlaşdırır.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR