Bank Of Baku

Aktauda təhsil alan azərbaycanlı tələbələr “Xocalıya ədalət” kampaniyası çərçivəsində tədbir keçiriblər

Aktauda təhsil alan azərbaycanlı tələbələr “Xocalıya ədalət” kampaniyası çərçivəsində tədbir keçiriblər
# 24 fevral 2011 07:06 (UTC +04:00)
Bakı-APA. Qazaxıstanın Aktau şəhərində təhsil alan azərbaycanlı tələbələr “Xocalıya ədalət” kampaniyası çərçivəsində tədbir keçiriblər. Azərbaycanın Qazaxıstanın Aktau şəhərindəki Baş konsulluğunun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Baş konsulluğunun dəstəyi ilə keçirilmiş tədbirdə Manqistau vilayətində fəaliyyət göstərən azərbaycanlıların “Dostluq” milli-mədəni cəmiyyətinin rəhbərliyi, yerli kütləvi informasiya vasitələri nümayəndələri iştirak ediblər.

Mərasim keçirilən zalda Xocalı soyqırımı faciəsini əks etdirən foto sərgi, Heydər Əliyev Fondu tərəfindən nəşr olunmuş “Qarabağ həqiqətləri” və ermənilərin azərbaycanlılara qarşı uzun illər boyu apardığı qanlı siyasətə həsr olunmuş kitablar nümayiş etdirilİB. Mərasim öncəsi tədbir iştirakçılarına tələbələr tərəfindən üzərində “Xocalıya ədalət” kampaniyasının loqosu olan döş nişanları paylanıb.

Tədbirin əvvəlində “Xocalıya Ədalət” rep üslublu musiqi klipi nümayiş etdirilib və Xocalı soyqırımının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Azərbaycanın Aktau şəhərindəki baş konsulu Rəşad Məmmədov çıxış edərək, 19 il əvvəl Ermənistanın silahlı qüvvələri tərəfindən Xocalı şəhərində yaşayan azərbaycanlı dinc əhaliyə qarşı törədilmiş soyqırım haqqında geniş məlumat verib və ermənilərin 200 il ərzində xalqımıza qarşı apardığı soyqırım siyasətindən geniş danışıb. Rəşad Məmmədov, İslam Konfransı Təşkilatı (İKT) Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş koordinatoru, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2009-cu ilin fevralından “Xocalıya ədalət” kompaniyasının keçirilməsi haqqında məlumat verərək, Xocalı soyqırımının dünya ölkələri rəhbərləri və parlamentləri tərəfindən siyasi qiymət verilməsinin vacibliyini mərasim iştirakçılarının diqqətinə çatdırıb. O Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycan prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən tədbirlər haqqında danışaraq, Ermənistan tərəfinin münaqişənin həllində qeyri-konstruktiv mövqe tutduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Tədbirə toplaşan tələbələr adından Ş.Y.Yesenov adına Kaspi Dövlət Texnologiya və Mühəndislik Universitetinin Beynəlxalq münasibətlər fakültəsinin III kurs tələbəsi Əli Əlabbasov, Manqistau vilayət Turizm kollecinin III kurs tələbəsi İndiana Musayeva və digərləri çıxışlar edərək, ermənilər tərəfindən Xocalı şəhərində yaşayan dinc əhaliyə qarşı həyata keçirilmiş soyqırımı insanlığa qarşı törədilmiş bir cinayət olduğunu və bu faciə haqqında beynəlxalq ictimaiyyətə, o cümlədən Qazaxıstan gəncləri arasında düzgün və ətraflı məlumatların çatdırılmasının vacibliyini vurğulayıblar.

Çıxışlardan sonra tədbir iştirakçılarına www.justiceforkhocaly.org. saytı haqqında məlumat verilib və Xocalı faciəsi ilə bağlı sənədli film nümayiş etdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR