Bank Of Baku

Gürcüstan paytaxtında Xocalı soyqırımı ilə bağlı silsilə tədbirlər keçirilib

Gürcüstan paytaxtında Xocalı soyqırımı ilə bağlı silsilə tədbirlər keçirilib
# 25 fevral 2011 13:50 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Bu gün Gürcüstan paytaxtında Azərbaycanın Gürcüstandakı səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə Xocalı soyqırımı ilə bağlı silsilə tədbirlər davam etdirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, ilk tədbir "Varlıq" Mədəniyyət Mərkəzində ziyalıların, məktəblilərin və səfirlik əməkdaşlarının, kütləvi informasiya vasitələrinin iştirakı ilə keçirilib. Tədbirdə "Varlıq" Mədəniyyət Mərkəzinin rəhbəri, Azərbaycan Yazıçılar Birliyinin Gürcüstan bölməsinin sədri Rafiq Hümmət çıxış edərək, Xocalı soyqırımını törədən ermənilərin insanlığa yaraşmayan cinayətkar əməllərini sadalayıb, Gürcüstan ictimaiyyətinin, gürcü ziyalılarının bu faciədən xəbərdar olduqlarını bildirib. Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyev belə tədbirlərin Xocalı soyqırımının tanınmasına apardığını bildirib və soyqırımı ilə bağlı səfirliyin təşəbbüsü ilə bir çox kitabların gürcü və ingilis dillərində nəşr olunduğunu bildirib. Çıxış edənlər erməni vandalizmin Azərbaycan xalqına qarşı törətdikləri cinayəti pisləyib və onu törədənlərin cəzalandırılmasını tələb ediblər.

Həmin gün M.F. Axundov adına Azərbaycan Mədəniyyət Muzeyində gənclərin təşəbbüsü və muzey rəhbərliyinin dəstəyi ilə Xocalı faciəsi ilə bağlı daha bir tədbir baş tutub. Tədbirdə Xocalı hadisələrindən bəhs edən film nümayiş etdirilib və gənclərin Gürcüstan parlamentinə müraciəti qəbul olunub. Tədbirdə məlumat verilib ki, gürcü ali məktəblərində təhsil alan gənclərin köməyi ilə min nəfər gənc Gürcüstan vətəndaşına internet vasitəsi ilə Xocalı hadisələri ilə əlaqədar ətraflı məlumatlar göndərilib.

Bu gün paytaxtdakı İvane Cavaxişvili adına Tiflis Dövlət Universitetində də gürcü və azərbaycanlı tələbələrin iştirakı ilə "Cənubi Qafqazda dondurulmuş münaqişələr və soyqırımın nəticələri-Xocalı faciəsi" mövzusunda tədbir keçirilib. Tədbirdə gürcü ali məktəblərində təhsil alan gürcü tələbələrinə Xocalı hadisələri barədə dolğun məlumatlar verilib, faktlar göstərilib, film nümayiş etdirilib, faciə ilə bağlı nəşr olunan kitabların sərgisi təşkil edilib. Gürcü tələbələr Xocalı hadisələrinə öz münasibətlərini bildiriblər.

Gürcüstan paytaxtında "Gürcüstan -mənim Vətənimdir" adlı qeyri-hökumət təşkilatı da Xocalı faciəsi ilə əlaqədar tədbir təşkil edib. Tədbirdə təşkilatın rəhbəri Əli Babayev çıxış edərək Xocalı faciəsinin gürcü ictimaiyyəti arasında da tanındığını qeyd edib və bir neçə ildir ki, tədbirlərə mütəmadi olaraq gürcü gənclərinin və ziyalılarının da fəal qatıldığını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR