Bank Of Baku

Gürcüstanda Azərbaycan xalçaçılıq sənəti inkişaf etdirilir - FOTOSESSİYA

Gürcüstanda Azərbaycan xalçaçılıq sənəti inkişaf etdirilir - <font color=red>FOTOSESSİYA</font>
# 02 mart 2011 07:40 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Azərbaycan xalçaçılıq məktəbi Gürcüstanda kompakt yaşayan azərbaycanlılar arasında yaşadılır. APA-nın Gürcüstan bürosunun məlumatına görə, son illərdə Gürcüstanda xalçaçılıq sənətinin inkişaf etdirilməsi üçün Tiflisdə fəaliyyət göstərən Mirzə Fətəli Axundov adına Mədəniyyət Muzeyi iş aparır. Mədəniyyət muzeyinin direktoru Leyla Əliyeva bildirib ki, bu tarixi sənət Borçalı kəndlərində, Qaraçöpdə və digər bölgələrdə heç vaxt unudulmayıb: "Vaxt var idi ki, Gürcüstanda yaşayan azərbaycanlıların həyat tərzi yaxşı deyildi. Digər millətlərin nümayəndələri Borçalının kəndlərinə gəlib küçəbəküçə gəzərək xalça ustalarını tapır, onlara ucuz yolla xalça toxumaq üçün sifarişlər verir və azərbaycanlı qadınların toxuduqları nadir xalıları xaricə yad millətin adı ilə satırdılar. Beləliklə də Azərbaycan xalçaları özgə millətlərin xalçası kimi dünyada özünə yer tuturdu".
L. Əliyeva artıq bir ildən çoxdur ki, muzeyin fəaliyyətini bu nadir xalça nümunələrinin toxunmasına, nadir xalçaçılıq sənətinin inkişafına yönəldildiyini bildirib: "Gürcüstanda 39 Azərbaycan kəndində biz hanalar qurdurub, müxtəlif ilməli xalçalar toxuduruq. Onu da qeyd edim ki, sifariş verdiyimiz xalçalar üçün tələb olunan xammalı özümüz tapır, yunu azərbaycanlı çobanlardan alır, onların da bu işdə marağını artırırıq. Xalçaların toxunmasında Borçalı ilmələrinə xüsusi fikir veririk. Bu üslub çox məşhurdur və Borçalı xalçaları digər xalça növlərindən fərqlənir".

Direktor, Borçalıda bu sənətin nəsildən-nəslə ötürüldüyünü də deyib: "Çalışırıq ki, bu sənət nümunələri nəsildən-nəslə ötürülsün. İndiyədək 50 xalça toxutdurmuşuq. Bu barədə Azərbaycan Mədəniyyət Nazirliyinin də məlumatı var. Sərgimizi də təşkil edəcəyik. Hazırda mədəniyyət muzeyi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Gürcüstan nümayəndəliyinin maddi dəstəyi ilə yenidən tikilir. Muzeyin bərpası başa çatdıqdan sonra Borçalı xalçaçılıq məktəbinin inkişaf etdirilməsi üçün toxuculuq sexi və xalça dərnəyi açmaq barədə fikirləşirik. Bu işin həyata keçirilməsində mütəxəssislərin də köməyinə ehtiyacımız olacaq. Gələcəkdə əldə etdiyimiz gəlirləri Gürcüstanda Azərbaycan mədəniyyətinin daha da inkişaf etdirilməsinə sərf etməyi nəzərdə tuturuq."
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR