Bank Of Baku

Benilüks Azərbaycanlıları Konqresi dünya azərbaycanlılarına müraciət edib

Benilüks Azərbaycanlıları Konqresi dünya azərbaycanlılarına müraciət edib
# 09 mart 2011 08:32 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Mərkəzi ofisi Hollandiyanın paytaxtı Amsterdamda yerləşən Benilüks Azərbaycanlıları Konqresi (BAK) dünya azərbaycanlılarına müraciət edib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müraciətdə deyilir: “Azərbaycan prezidenti İlham Əliyevin və dövlətimizin digər rəsmilərinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllini tapmadığı təqdirdə işğal olunmuş ərazilərimizin silah gücünə azad ediləcəyi barədə səsləndirdikləri fikirlər erməniləri əməlli-başlı qorxuya salıb. Azərbaycanın hərbi qüdrətinin ildən-ilə artmasından, hərbi xərclərə ayrılan büdcə vəsaitinin az qala Ermənistan büdcəsinə bərabər olmasından bərk narahatlıq və təşviş hissi keçirən erməni rəsmiləri öz xalqını sakitləşdirmək məqsədilə psixoloji hücuma üstünlük verməyə başlayıblar. Onlar dərc etdirdikləri yazılarda müharibə başladığı təqdirdə Rusiyada, Fransada, ABŞ-da, Uruqvayda yaşayan daha imkanlı ermənilərin pulu hesabına cinayətkarlardan və muzdlu veteranlardan ibarət dəstənin Azərbaycanla vuruşmaq üçün İranın hava məkanından keçirməklə döyüş nöqtələrinə göndəriləcəyi kimi sərsəm fikirləri ortaya atıblar. Bəzi məqalələrdə isə hətta döyüşçülərin sayı belə göstərilib. Dünyanın 38 ölkəsindən 200 min erməninin vuruşmalarda iştirak edəcəyi bildirilib”.

Müraciətdə daha sonra Azərbaycanın 20 ildən artıq müddətdə beynəlxalq hüquq normalarına uyğun münaqişənin sülh yolu ilə həllinə çalışdığı bildirilib: “BMT, Avropa Şurası, Avropa İttifaqı və digər nüfuzlu beynəlxalq təşkilatların işğal olunmuş Azərbaycan ərazilərinin dərhal və heç bir məhdudiyyət qoyulmadan azad edilməsi barədəki qərar və qətnamələrinə məhəl qoymayan işğalçı Ermənistan, siyasi və iqtisadi girdabda boğulmasına baxmayaraq, öz mənfur niyyətindən əl çəkmir, sülh danışıqlarını kobudcasına pozur, konstruktiv mövqe nümayiş etdirmir. Bütün bunlar beynəlxalq qurumların gözü qarşısında baş verir. Mənfur düşmənlərimizə xatırlatmaq istəyirik ki, müharibə başladığı təqdirdə, dünya azərbaycanlıları müsəlləh əsgər kimi zəbt olunmuş torpaqlarımızın azad edilməsi üçün Vətənə dönəcək və işğalçılara aman verməyəcəklər. BAK ölkəmizin ərazi bütövlüyünü bərpa etmək, tarixi torpaqlarımızı düşmən işğalından azad etmək və suveren hüquqlarımızı qorumaq məqsədilə dünya azərbaycanlılarına müraciət edir və onları Vətən və prezidentimiz ətrafında daha sıx birləşməyə, səfərbər olmağa çağırır”.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR