Bank Of Baku

DAK soydaşlarımızın Urmu gölü ilə bağlı başlatdığı kampaniyanı dəstəkləyir

DAK soydaşlarımızın Urmu gölü ilə bağlı başlatdığı kampaniyanı dəstəkləyir
# 30 mart 2011 11:47 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Dünya Azərbaycanlıları Konqresi (DAK) Urmu gölündəki ekoloji fəlakəti dünya ictimaiyyətinə çatdırmaq üçün aprelin 2-də Güney Azərbaycanda keçirilməsi planlaşdırılan etiraz aksiyalarına dəstək verəcəyi ilə bağlı bəyanat verib.

APA-nın məlumatına görə, bəyanatda bildirilir ki, Güney Azərbaycanın ən böyük gölü olan Urmu gölü dünyanın ikinci duzlu gölü kimi YUNESCO-da təbii xəzinə kimi tanınır. Ancaq Güney Azərbaycanın təbii tarazlığını qoruyan Urmu gölü son illərdə fars şovinist rejiminin apardığı məqsədyönlü siyasət nəticəsində quruma təhlükəsi ilə üzləşib: “Hazırda göldə yaşanan bu böhranlı vəziyyət bir çox quşların sayının azalmasına səbəb olub və onların nəslinin kəsilməsi təhlükəsini artırıb. Urmu gölünün suyunun çəkilməsi duzlaqların ortaya çıxmasına səbəb olub. Küləklər vasitəsilə ətrafa yayılan duzlar həm insanların səhhətinə ciddi mənfi təsir göstərir, həm də əkin sahələrini yararsız hala salır. Bununla da, Güney Azərbaycandakı münbit ərazilərin ekoloji tarazlığı pozulur. Bu problemlə əlaqədar bir çox rəsmi və qeyri-rəsmi müraciətlərə baxmayaraq, fars şovinist rejimi gölün məqsədyönlü surətdə qurudulmasında israrlı görünür. Rejimin bu siyasətinə etiraz əlaməti olaraq, bu il aprelin 2-də yerli vaxtla saat 15:30-da Güney Azərbaycan Milli Hərəkatının fəalları və "Traktor" futbol komandasının yüz minlərlə azarkeşi Acı çay körpüsünün yanındakı Azərbaycan meydanında, saat 17:00-da isə Urmuda Ellər bağı parkındakı su hovuzunun kənarında kütləvi yığıncaqlar keçirəcəklər. Aksiyaların Güney Azərbaycanın digər şəhərlərində keçirilməsi də planlaşdırılır. Biz də DAK olaraq Güney Azərbaycan türklərinin son dərəcə əhəmiyyətli təşəbbüsünü dəstəklədiyimizi vurğulayaraq, bütün soydaşlarımızı sözügedən kampaniyada iştirak etməyə çağırırıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR