Bank Of Baku

Macarıstanın “Turan” cəmiyyətinin təşəbbüsü ilə “Əcdad günləri” adlı kütləvi tədbir keçirilib

Macarıstanın “Turan” cəmiyyətinin təşəbbüsü ilə “Əcdad günləri” adlı kütləvi tədbir keçirilib
# 01 avqust 2011 09:55 (UTC +04:00)
Bakı-APA. Macarıstanın “Turan” cəmiyyətinin təşəbbüsü ilə 28-31 iyul tarixlərində ölkənin Burqas bölgəsində “Əcdad günləri” adlı kütləvi tədbir keçirilib. Azərbaycanın Macarıstandakı səfirliyindən APA-ya verilən məlumata görə, 1910-cu ildən fəaliyyət göstərən “Turan” cəmiyyəti macar xalqının hun-türk kökənli olması fikrini ardıcıllıqla müdafiə edir və bu istiqamətdə tarixi irsin, adət-ənənələrin bərpasına çalışır. Bu sahədə artıq müəyyən uğurlar əldə edildiyini söyləmək mümkündür. Macar cəmiyyətində xalqın hun-türk mənşəli olması fikrinin tərəfdarları ildən-ilə artır.

Bu ilki “Əcdad günləri” də tarixi məzmunu və kütləviliyi ilə yadda qalıb. Üç gün ərzində Burqas bölgəsindəki milli parkda qurulmuş əski türk yurtlarını - çadır şəhərciyi ziyarət edən minlərlə insan burada cıdır yarışlarına, qılınc döyüşünə, at belində güləşənlərin mübarizəsinə, çovkan oyununa tamaşa edib, müxtəlif xalq ansambllarının ifasında qədim musiqi nömrələrini dinləyib. Şaman musiqisi xüsusi ilə böyük diqqət və coşqu doğurub.

Burqas bölgəsində Turan cəmiyyətinin antropoloji muzeyinin səyyar sərgisi təşkil edilib, macar alimlərinin və cəmiyyət fəallarının iştirakı ilə elmi konfrans keçirilib. Xalq sənəti nümunələrinin satış-sərgisi böyük maraq doğurub. Hun mətbəxinin nümunələri və qədim reseptlər əsasında hazırlanmış yemək çeşidləri də iştirakçılar tərəfindən maraqla qarşılanıb.

“Turan” cəmiyyətinin dəvəti ilə səfir Vilayət Quliyev avqustun 31-də “Əcdad günlərində” iştirak edib. Digər türk ölkələri ilə birlikdə Azərbaycan bayrağının da qaldırıldığı mərkəzi meydanda iştirakçılar qarşısında çıxış edən səfir Azərbaycan və macar xalqlarının çoxəsrlik tarixə əsaslanan dostluğundan və mənəvi birliyindən bəhs edib, macarların həqiqi tarixi keçmişlərinə sahib olmaq istiqamətindəki səylərinin Azərbaycanda həmişə maraq və məhəbbətlə izləndiyini diqqətə çatdırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR