Bakı – APA. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində Avropa Azərbaycan Cəmiyyəti (TEAS) tərəfindən martın 1-də təşkil edilən Xocalı anım konserti Londonun 8,6 milyon izləyicisi olan “London Live” telekanalında 30 dəqiqəlik proqramda yayımlanıb.
TEAS-dan APA-ya verilən məlumata görə, verilişin aparıcısı Klaudia-Liza Armah bildirib ki, bu gecə Azərbaycanın Xocalı şəhərində qətlə yetirilən 613 insanın xatirəsinə ithaf olunub. Konsert çox kədərli notlar üzərində qurulub və müharibə zamanı öldürülən bütün insanları simvolizə edən bir faciəni yad etmək üçün keçirilir.
Konsert Xocalı qurbanlarının xatirəsini yad etmək məqsədilə təşkil edilmişdir. Tədbir, həmçinin gündəlik dövriyyəsi 900 min olan Londonun populyar nəşrlərindən “Evening Standard” qəzetində də işıqlandırılıb.