Azərbaycanlılara qarşı ermənilər tərəfindən 31 Mart Bakı soyqırımının 100 illiyi ilə bağlı İstanbulda Türkiyə Azərbaycan Dərnəyi Avropa Azərbaycanlıları Konqresinin təşkilati dəstəyi ilə mərasim keçirib.
AAK-dan APA-ya verilən məlumata görə, Dərnəyin sədri Səfər Qaraqoyunlu ermənilərin son 200 ildə azərbaycanlılara qarşı soyqırımılarından danışıb.
O Azərbaycanda Quba rayonunda bununla bağlı yaradılan tarixi məzarlıqdan bəhs edib.
Toplantıda AAK Mərkəzi Şurasının üzvü Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı bildirib ki, 200 ilə qədərdir azərbaycanlılar ermənilər və onlara arxa duran bəzi xiristian ölkələri tərəfindən qətlə yetirilib, sürgün edilib: “Erməni terorçuları nə uşaqlara, nə ahıl insanlara rəhm etmədilər. Təkcə 1988-ci ildən Ermənistandan 500 000-ə qədər azərbaycanlı evlərindən qovuldu və varidatları əllərindən alındı.Bu insanların günahı sadəcə türk olmaları idi”. Avropa Azərbaycanlıları Konqresinin prezidenti Sahil Qasımov isə soyqırımın 100 illiyi ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin məlum sərəncamını diqqətə çatdırıb: “Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi 100 illiklə bağlı tədbirlər planı hazırlayıb. Bunun tərkib hissəsi olaraq bu tədbirdən çıxıb Moldovaya gedəcəyəm və orda da bu tədbirlər davam edəcək. Azərbaycanlılar iki əsrdir ermənilər tərəfindən soyqırımına məruz qalır. 1992-ci ildə Xocalı soyqırımı bunun davam etməsinə sübutdur. Amma bu gün Azərbaycan artıq əvvəlki deyil, qüdrətli dövlətdir. Buna səbəb olan Azərbaycan Prezidenti İlham Əliyevə növbəti seçkilərdə də uğurlar arzu edirəm”. Tədbir təqdimatla davam edib.