Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, tədbirdə Azərbaycanın Belçika Krallığındakı səfiri, eyni zamanda Azərbaycanın Avropa İttifaqı yanında nümayəndəliyinin rəhbəri Fuad İsgəndərov, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Qafar Əliyev, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Azərbaycan QHT Forumunun prezidenti Rauf Zeyni, İslam Konfransının Avropadakı nümayəndəliyinin rəhbəri Arif Məmmədov, Azərbaycanın NATO-dakı nümayəndəliyinin əməkdaşları, Yəhudi Cəmiyyətinin Avropa nümayəndəliyinin rəhbəri Levi Matusof, Brüssel Yəhudi Muzeyinin prezidenti Filipp Blondin, Xocalı hadisələrinin şahidi Cavid Əliyev və Benilüks ölkələrindəki Azərbaycan icmasının nümayəndələri iştirak edib.
Konfransda çıxış edən Benilüks Azərbaycanlıları Konqresinin prezidenti Sahil Qasımov Xocalı faciəsinə həsr olunmuş silsilə tədbirlərin keçirilməsi haqda məlumat verib və Xocalı faciəsinə beynəlxalq qurumlar tərəfindən hüquqi qiymətin verilməsinin zəruriliyini vurğulayıb. Fuad İsgəndərov Xocalı soyqırımının Azərbaycan tarixində qara səhifə olduğunu qeyd edib. Səfir Azərbaycan və yəhudi xalqlarının ortaq tarixi paylaşdıqlarını xüsusi vurğulayıb. Benilüks Azərbaycanlıları Konqresinin fəaliyyətini yüksək qiymətləndirən Prezident Administrasiyasının sektor müdiri Qafar Əliyev isə ümumilikdə Azərbaycan diasporunun böyük coğrafiyada mütəşəkkil fəaliyyət göstərdiyini bildirib.
Daha sonra söz alan Avropa Yəhudilərinin İctimai Əlaqələr üzrə Cəmiyyətinin direktoru Levi Matusof öz növbəsində tədbir təşkilatçılarına minnətdarlığını bildirib, Azərbaycan və yəhudi xalqlarının dostluğunu qeyd edib və azərbaycanlıların acısını paylaşdığını deyib.