Bakı – APA. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 23-cü ildönümü ABŞ-ın Nyu-York şəhərində təntənəli şəkildə qeyd olunub. Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, Azərbaycan Nyu-york Assosiasiyası tərəfindən şəhərin Uoall Strit səmtindəki “Boylinq grin” parkında təşkil edilən tədbirdə Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev, Türkiyənin Nyu-Yorkdakı baş konsulunun köməkçisi Reyhan Özgür, Azərbaycan və Türkiyə diasporunun nümayəndələri iştirak ediblər.
ABŞ və Azərbaycan himnlərinin səsləndirilməsindən sonra assosiasiyanın sədri Ercan Yerdələnli Dövlət Müstəqilliyi Günü ilə əlaqədar Azərbaycanın üçrəngli bayrağını dövlət himninin sədaları altında qülləyə qaldırıb. E. Yerdələnli öz çıxışında hər il olduğu kimi, bu il də “Boylinq grin” parkındakı bayraq dirəyinə Azərbaycan bayrağının sancılmasından qürur hissi duyduğunu bildirib, bayrağımızın Amerikanın ən güclü iqtisadi mərkəzində dalğalanmasının hər bir azərbaycanlı üçün fəxr olduğunu söyləyib.
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev öz çıxışında Azərbaycan diasporunun gələcək nəsillərinin də üçrəngli bayrağımızı bu meydanda dalğalandıracağına ümid etdiyini vurğulayıb.