Bakı-APA. Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə Şaulyay şəhərinin meri Justinas Sartauskasın dəvəti ilə şəhər meriyasında olub.
Azərbaycanın Litvadakı səfirliyindən APA-ya verilən məlumata görə, H.Məmmədzadə J.Sartauskasla görüşdə Azərbaycan və Litva arasında qarşılıqlı münasibətlərin uğurla inkişaf etdiyini bildirib, ikitərəfli hökumətlərarası komissiyanın və parlamentlərarası dostluq qrupunun fəaliyyəti haqqında söz açılıb.
Səfir həmçinin Azərbaycanın son illərdə iqtisadi və sosial sahələrdə əldə etdiyi nailiyyətlər haqqında Şaulyay merinə məlumat verib.
Öz növbəsində J.Sartauskas Azərbaycan səfirini Şaulyay şəhərinin tarixi, mədəni abidələri və sosial-iqtisadi vəziyyəti barədə məlumatlandırıb.
Görüş zamanı həmçinin Şaulyay və Azərbaycanın şəhərlərindən biri arasında qardaşlaşma haqqında sazişin imzalanması məsələsi müzakirə olunub. Qeyd olunub ki, bu saziş iki şəhər arasında bütün sahələrdə əməkdaşlığın qurulması üçün imkan yaradacaq.
Sonra səfir H. Məmmədzadə Şaulyay şəhər icraiyyə komitəsinin deputatları, iş adamları, şəhər ictimai palatası və sənaye konfederasiyasının nümayəndələri ilə görüşüb. Görüşdə iqtisadi sahədə əməkdaşlıq məsələləri müzakirə olunub.
H.Məmmədzadə həmçinin Şaulyayda yaşayan soydaşlarımızla görüşüb, onların problemləri lə maraqlanıb. Səfir soydaşlarımız arasında birliyin yaradılmasını tövsiyə edib, belə bir birliyin formalaşması və möhkəmləndirilməsi üçün səfirlik tərəfindən zəruri dəstəyin göstəriləcəyini bildirib.