Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, çıxışına səfirliyin açılması mövzusu ilə bağlı başlayan E. Nalbandyan ənənəsinə uyğun olaraq qondarma "soyqırım" mövzusu ilə davam edib, Dağlıq Qarabağ, Minsk Qrupunun fəaliyyəti, atəşkəsin 20 illiyi, Azərbaycan prezidentinin və müdafiə nazirinin ritorikası, Ramil Səfərovun əfvi kimi məsələlərdən danışıb.
Çıxışdan sonra sual-cavab hissəsi başlayıb və azərbaycanlı gənclər nazirə suallar ünvanlayıblar. İsveç-Azərbaycan Gənclər Təşkilatının fəalları Rəsul Məcidov, Allahverdi Verdizadə, Aysel Yusubova və Mahirə Muxtarova verdikləri suallarda Ermənistanın 20 ildən artıqdır ki, Azərbaycan ərazisinin 20 faizini işğal altında saxlaması faktını, BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatların Ermənistandan öz silahlı qüvvələrini işğal altındakı Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarmağı tələb etdiklərini xatırladıblar. Onlar Xocalı soyqırımını tədbir iştirakçılarının diqqətinə çatdıraraq E. Nalbandyanın bu haqda fikirlərini bilmək istəyiblər.
Tələbələrin suallarından narahat olan və ənənəvi leksikonuna uyğun cavablar verən E.Nalbandyan onları mərkəzdən təlimatlar alaraq müxtəlif tədbirlərdə bu cür çıxışlar etməkdə suçlayıb.
Tədbirdə bəzi diplomatlar da erməni nazirə maraqlı suallar veriblər. Suallar əsasən Rusiya-Ukrayna münaqişəsində Ermənistanın mövqeyi, Ermənistan-Rusiya-İran münasibətləri və Türkiyənin öz arxivlərini açması ilə bağlı olub.
Tədbirdə Gürcüstan, Qazaxıstan və Litva səfirləri, Rusiya səfirliyinin müşavirləri, Türkiyə səfirliyinin müşaviri və Azərbaycan səfirliyindən nümayəndələr, eləcə də Ermənistan səfirliyinin əməkdaşları və naziri müşayiət edən XİN əməkdaşları iştirak edib.