Bakı-APA. Bolqarıstanın Paytaxtı Sofiyada keçirilən konfrans çərçivəsində Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Mladen İvaniç Diasporla İş üzrə Dövlət Komitəsinin sədri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qəyyumlar Şurasının sədri Nazim İbrahimovu qəbul edib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Mladen İvaniç bildirib ki, ölkələr arasında qarşılıqlı münasibətlər hər iki tərəfi qane edir və bu əlaqələrin inkişaf etdirilməsi üçün geniş imkanlar var. O, həmçinin qeyd edib ki, ölkəsi hər zaman Azərbaycanı dəstəkləyib və bundan sonra da dəstəkləyəcək. M.İvaniç Bosniya və Herseqovina Parlamentinin Ermənistanın Azərbaycana təcavüzünü, Xocalı soyqırımını tanıyan sənəd qəbul etdiyini və ölkəsinin Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə hörmətlə yanaşdığını vurğulayıb. O, həmçinin azərbaycanlı sahibkarları Bosniya və Hersoqovinaya investisiya qoymağa çağırıb.
Diasporla İş üzrə Dövlət Komitəsini sədri Nazim İbrahimov isə öz növbəsində Bosniya və Hersoqovinanın dövlət başçısına Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi tədbirə qatıldığına görə təşəkkür edib. Nazim İbrahimov Azərbaycan Prezidenti İlham Əliyevin Mərkəzin fəaliyyətinə və onun təşkilatçılığı ilə həyata keçirilən layihələrə, forumlara xüsusi önəm verdiyini vurğulayıb. Dövlət Komitəsinin sədri məhz Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasət nəticəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin qısa müddətdə nəinki regionun, eləcə də dünyanın nüfuzlu beyin mərkəzlərindən birinə çevrildiyini vurğulayıb. Nazim İbrahimov Mladen İvaniçi Azərbaycan hökuməti adından gələn ilin martında keçiriləcək IV Qlobal Bakı Forumuna dəvət edib.
Görüşdə hər iki ölkənin müstəqillik qazandığı ilk dövrdən etibarən oxşar tale yaşadığı qeyd edilib. Müharibələrin yaratdığı problemlərə baxmayaraq, dini və etnik tolrentlığın hər iki ölkədə önəmli məsələ olduğu vurğulanıb. Birmənalı şəkildə və qətiyyətlə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən Bosniya və Hersoqovina ilə Azərbaycan arasında əlaqələrin inkişafının, birgə layihələrin həyata keçirilməsinin vacibliyi bildirilib.