Bank Of Baku

Brüsseldə “Separatizmin beynəlxalq sülhə və təhlükəsizliyə yaratdığı təhdidlər” mövzusunda beynəlxalq forum keçirilir - YENİLƏNİB

Brüsseldə “Separatizmin beynəlxalq sülhə və təhlükəsizliyə yaratdığı təhdidlər” mövzusunda beynəlxalq forum keçirilir - <span style="color: red;">YENİLƏNİB
# 20 noyabr 2017 12:04 (UTC +04:00)

Belçikanın paytaxtı Brüssel şəhərində “Separatizmin beynəlxalq sülhə və təhlükəsizliyə yaratdığı təhdidlər” mövzusunda beynəlxalq forum keçirilir.

 

APA-nın məlumatına görə, bu gün başlayan forumda Azərbaycandan prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Avropa ölkələrindəki Azərbaycan diasporunun nümayəndələri, bir çox ölkələrin sabiq prezidentləri, baş nazirlər, parlament sədrləri, beynəlxalq ekspertlər, siyasi xadimlər, media təmsilçiləri iştirak edirlər.

 

Tədbirdə çıxış edən Ə. Həsənov deyib ki, bugünkü Forumda beynəlxalq terrorizmin və etnik separatizm kimi təhlükəli meyllərin doğurduğu böhranın  həlli yollarının axtarılması ilə bağlı müzakirələrin aparılması mühüm əhəmiyyət daşıyır: “Qaçqın və miqrant problemlərinin, insan alveri və  qaçaqmalçılığın,  siyasi və iqtisadi  sabitliyə, nəqliyyat-enerji təhlükəsizliyinə qarşı yönəlmiş təhdidlərin aradan qaldırılmasında çətinliklər hamını narahat edir. Bu təhdidlərin içərisində  etnik separatizm  və onun mənfi təzahürləri xüsusi yer tutur. Hazırda dünyada 220 milyon nəfərdən çox  əhalini və 12,7 milyon  km² ərazini əhatə edən 50-dən çox  əsas etnik  separatizm ocağı mövcuddur. Etnik separatizmin nəticəsində yaranan münaqişələrin  20-dən  çoxu  hərbi  toqquşmalarla müşahidə olunur. Avropada Böyük Britaniya ilə Şimali İrlandiya və Şotlandiya, Belçika ilə Flandriya və Valloniya,  Fransa ilə Paris aqlomerasiyası və Korsika, İspaniya ilə basklar və Kataloniya, Serbiya ilə Kosovo,  Asiyada İsraillə Fələstin, Hindistanla Kəşmir və Pəncab, Çinlə Tibet, Afrikada Nigeriya ilə Şimali Nigeriya, Sudanla Cənubi Sudan, Amerikada Kanada ilə Kvebek, Meksika ilə Çyapas arasındakı etnik münaqişələr uzun illərdir davam edir”.

 

Azərbaycandan prezidentin köməkçisi bildirib ki, soyuq müharibənin başa çatmasından sonra   keçmiş SSRİ məkanında  etnik separatizm meyllərinin yeni dalğası  meydana gəlib. Azərbaycanda Dağlıq Qarabağ, Gürcüstanda Abxaziya və Osetiya, Moldovada Dnestryanı münaqişələr regionun sabitliyini hər an poza biləcək potensial təhlükə mənbəyinə çevrilib. Bu münaqişələr beynəlxalq hüquqi prinsiplərin kobud şəkildə pozulmasına, dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə qarşı  ciddi təhdidlərin   yaranmasına   gətirib çıxarıb: “Bu gün  BMT, ATƏT və Avropa Şurası kimi nüfuzlu beynəlxalq təşkilatların  etnik separatizmə qarşı qətiyyətli mübarizə aparması vacib məsələlərdən biridir. Əks halda etnik separatizm mənfi tendensiya kimi  dünya ərazisinin  böyük bir  qismini  millətlərarası münaqişələr meydanına çevirə  bilər. Təəssüf ki, hazırda  beynəlxalq münasibətlər sistemində hökm sürən “ikili standartlar” siyasəti  etnik  separatçılığa qarşı  qətiyyətli və prinsipial şəkildə mübarizə aparılmasına maneçilik törədir. Bəzi hallarda aparıcı beynəlxalq təşkilatlar  etnik separatçılığın aradan qaldırılmasını  nəzərdə tutan, təsirli mübarizə metodlarını və cinayətkarların cəzalandırılması  mexanizmini özündə ehtiva edən hüquqi normalara bütün dünya dövlətlərinin  əməl edib-etmədiyi məsələsinə  biganə yanaşırlar. Bu isə  BMT, ATƏT və Avropa Şurası kimi təşkilatların  obyektivliyinə  və prinsipiallığına  kölgə salır. Ona görə də  həmin qurumlar ikili standartlar mövqeyindən əl çəkməli və  etnik münaqişələrin beynəlxalq hüquqi normalar çərçivəsində həlli üçün səylərini artırmalıdır”.

 

Ə. Həsənov qeyd edib ki, hazırda  dini-irqi və milli dözümsüzlük,dağıdıcı separatizm kimi hallar insanları  kütləvi şəkildə  qaçqın və miqrant həyatı yaşamağa məcbur edir. Bu sahədə mövcud olan problemlərin çətinliyini Ermənistanın etnik təmizləmə və işğalçılıq siyasətinə məruz qalmış Azərbaycan daha yaxından anlayır: “Erməni separatçılarının Ermənistanın  dəstəyi ilə Azərbaycanın ərazisində yaratdığı  qondarma, “Dağlıq Qarabağ”  rejiminin fəaliyyəti  beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması deməkdir. Təəssüf ki, bu məsələyə münasibətdə BMT başda olmaqla,  beynəlxalq hüquqi prinsipləri  təmin etmək  missiyası yerinə yetirdiyini  iddia edən təşkilatlar, eləcə də dünyanın aparıcı dövlətləri  seyrçi mövqe tutmaqda davam edir.  Azərbaycanın mövqeyinə görə,  bir dövlətin beynəlxalq hüquq normaları ilə təsbit edilmiş ərazisi daxilində başqa bir dövlətin  yaradılması və bu məqsədə nail olmaq üçün milli, etnik zəmində parçalanmaya əl atılması yolverilməzdir. Təcavüzkarın qarşısı alınmazsa, beynəlxalq dairələrin dünyada sülhün və sabitliyin bərqərar edilməsinə yönəldilmiş səyləri nəticəsiz qalacaq, etnik  münaqişələrin miqyası daha da  genişlənəcək ki, bu da dünya nizamı üçün böyük təhdid deməkdir”.

 

Ə. Həsənov milli-etnik qarşıdurmaların, dini dözümsüzlüyün, qaçqın və miqrant problemlərinin aradan qaldırılması,  insanların sivil birgəyaşayış şəraitində yaşaması üçün mədəniyyətlərarası dialoqun və etnik müxtəlifliyin imkanlarından istifadə etməyin zəruri olduğunu vurğulayıb: “Bununla yanaşı, daim nəzərə alınmalıdır ki,  bəşəriyyəti narahat edən qlobal problemlərin həllində  ən mühüm vasitələrdən biri də dövlətlərarası siyasi, sosial-iqtisadi, mədəni və elmi-texnoloji qarşılıqlı əlaqələrin möhkəmləndirilməsidir”.

 

Tədbir iki gün davam edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR