Qondarma “erməni soyqırımı”na qarşı apardığı obyektiv mübarizə ilə tanınan Türkiyə Gənclik Birliyinin (TGB) yeni başqanı Cem Dikmenin APA-ya müsahibəsi
- TGB başqanı kimi qondarma “erməni soyqırımı” böhtanlarına qarşı mübarizənizi bundan sonra hansı formada davam etdirəcəksiniz?
- Ermənistanın və erməni diasporunun ölkəmizə qarşı irəli sürdüyü əsassız “soyqırımı” böhtanlarına qarşı mübarizəmizi eyni xətdə davam etdirəcəyik. Avropadakı təşkilatlarımız mübarizənin bundan sonrakı mərhələlərində də mövqelərini qoruyacaq. 1915-ci il hadisələrini dünyaya “soyqırımı” kimi təqdim etməyə çalışıb, bizə də o şəkildə qəbul etdirməyə səy göstərənlər yanılırlar. O dövrdə baş vermiş hadisələr qətiyyən soyqırımı deyildi. Ötən əsrin əvvəllərində ölkəmiz bir neçə cəbhədə savaşarkən erməni quldur dəstələri dövlətimizi yıxmaq üçün arxa cəbhələrdə terror aksiyaları keçirirdi. Biz vətənimizi müdafiə etmişik, heç kimə qarşı soyqırımı törətməmişik. Bizə bu böhtanları atanlar öz tarixlərinə baxmalıdırlar.
Burada vacib olan ikinci bir məsələ Avropanın istər PKK, istərsə də FETÖ terror təşkilatlarını təmizə çıxarmağa çalışmasıdır. Biz Avropanın ikiüzlülüyünə qarşı da mübarizə aparacağıq. Necə olur, bizim əsgərimizi, polisimizi şəhid edən PKK terror təşkilatının Avropadakı üzvləri siyasi maska altında himayə edilir? Keçən il 15 iyulda ölkəmizdə qanlı hərbi çevrilişə təşəbbüs etmiş FETÖ-nün üzvlərini Avropa ölkələri hansı məntiqlə himayə edir.
- Ermənilər özlərinin törətdikləri Xocalı soyqırımını və Azərbaycan torpaqlarının 20%-ni işğal altında saxlamalarını ört-bas etmək üçün Türkiyəyə qarşı qondarma “soyqırımı” böhtanları ittihamı irəli sürürlər. TGB-nin indiyədək bu istiqamətdəki mübarizəsini daha təsirli hala gətirmək üçün hansı planlarınız var?
- Azərbaycan bizə qardaş ölkədir, dillərimiz də eynidir. Biz indiyə qədərki fəaliyyətimizdə istər ermənilərin 1992-ci ildə Xocalıda törətdikləri soyqırımı, istərsə də Azərbaycan torpaqlarının bir qismini uzun müddətdən bəri işğal altında saxlamalarını Türkiyəyə qarşı yönəldilən qondarma “soyqırım” ittihamlarından və mübarizəmizin ümumi xəttindən ayırmadıq. Azərbaycanlı qardaşlarımız əmin olsunlar ki, bundan sonra da heç bir dəyişiklik olmayacaq. Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsi və Xocalı faciəsinin dünyaya soyqırımı kimi tanıdılması fəaliyyətimizin əsas istiqamətləri içində olacaq.
- Avropa İnsan Haqları Məhkəməsi Böyük Palatasının hökmünə baxmayaraq, bəzi ölkələrin parlamentləri qəbul etdikləri “erməni soyqırımı” qərarlarını ləğv etmir, üstəlik bəzi ölkələrin parlamentləri bu barədə qərarlar qəbul edirlər. Yeni mərhələdə həm köhnə qərarların ləğvi, həm də yeni qərarların qəbul edilməməsi üçün hansı addımları atacaqsınız?
- Bütün ölkələr üçün qondarma “erməni soyqırımı” məsələsində AİHM-in hörmətli Perinçek barədə verdiyi qərar əsas olmalı və parlamentlərin qəbul etdiyi qondarma “soyqırımı” qərarları ləğv edilməlidir. AİHM-in Perinçeklə bağlı qərarı bütün ölkələr üçün nümunədir. Öz qərarlarını ləğv etməyən və yeni qərarlar qəbul etmək istəyən ölkələrin parlamentlərinin önündə etiraz aksiyaları keçirəcəyik. Hüququn bizə verdiyi bütün imkanlardan istifadə edərək o qərarların hamısını ləğv etdirəcəyik.