Dnepropetrovsk. Mübariz Aslanov – APA. Ukraynanın Dnepropetrovsk vilayətinin rəhbərliyi azərbaycanlıların yerli icmasının nümayəndələri ilə görüşü keçirilib.
APA-nın məlumatına görə, vilayətin vitse-qubernatoru Vyaçeslav Mişalovla görüşdə Dnepropetrovsk vilayəti Azərbaycanlılar Konqresinin sədri Qüdrət Hacıyev, konqresin sədr müavini və iş adamı Nəcəf Əhmədov iştirak ediblər.
Görüş zamanı vitse-qubernator azərbaycanlıların fəallığından, xüsusilə vilayətin iqtisadi sahəsində azərbaycanlı iş adamlarının aktiv rol oynamasından danışıb. O qeyd edib ki, Ukraynanın ən böyük vilayətlərindən olan Dnepropetrovskda son vaxtlar digər etnik millətlərin nümayəndələri ilə müqayisədə azərbaycanlı biznesmenlərin işgüzarlığı xeyli artıb: “Onların arasında bizim dostlarımız da var. Məsələn iş adamı, Ukrayna Millətlər Assambleyasının rəhbəri Rövşən Tağıyev tanınmış investorlardan biridir. Bu, bizi məmnun edir. Çünki Ukraynada yaşanan son proseslərdə Azərbaycan dövləti və burada yaşayan azərbaycanlılar bizə sadiq dostlar oldular. Mən açıq deyə bilərəm ki, son proseslərdə azərbaycanlılar sadiq dost olduqlarını sübut etdilər, nəinki digərləri”.
V. Mişalov azərbaycanlıların fəaliyyətinə toxunaraq qeyd edib ki, azərbaycanlılar və Azərbaycan Ukraynaya birmənalı şəkildə dəstək olublar. O qeyd edib ki, azərbaycanlıları vilayətin idarəçilik sistemində görməkdən məmnun olar. V. Mişalov həmçinin vilayət rəhbərliyinin azərbaycanlı biznesmenlərin layihələrini qəbul etməyə hazır olduğunu bildirib.
Sonra vilayət administrasiyasının azsaylı xalqlarla iş departamentinin rəhbəri Aleksey Lasko ilə görüş keçirilib. Görüşdə azərbaycanlıların yeni layihələri, tədbirləri müzakirə olunub. A. Lasko ötən ilin hesabatını əsas gətirərək, bildirib ki, Dnepropetrovskda yaşayan azərbaycanlılar ilin üç ən fəal azsaylı xalqlarından biri seçiliblər.