Fransada Azərbaycanın Dostları Assosiasiyası (ADA) və Paris Azərbaycan Evi iyulun 4-də erməni silahlıları tərəfindən Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində dinc sakinlərin artilleriya atəşinə tutulması ilə bağlı bəyanat yayıb.
ADA-nın baş katibi, Paris Azərbaycan Evinin sədri Mirvari Fətəliyeva APA-ya bildirib ki, bəyanatlarda Ermənistan silahlı bölmələrinin Füzuli rayonunun Alıxanlı kəndində iki nəfərin, o cümlədən 2 yaşı tamam olmamış körpənin ölümü ilə nəticələnən hücumu qətiyyətlə pislənib.
Assosiasiya rəhbəri, Fransa parlamentinin sabiq deputatı Jan-Fransua Manselin adından yayılmış bəyanatda ermənilərin açdığı atəş nəticəsində ölənlərin yaxınlarına başsağlığı verilir: “Ermənilərin mülki əhaliyə və infrastruktura qarşı birbaşa və qəsdən hücumları beynəlxalq hüquq və insan haqları normalarının, xüsusilə 1949-cu ilin Cenevrə Konvensiyasının və uşaqların haqları üzrə Konvensiyanın kobudcasına pozulmasıdır. Assosasiya münaqişəsinin həllinin uzanmasına görə təəssüflənir. Mövcud status-kvo isə yalnız faciəli nəticələrə gətirib çıxara bilər”.
Assosasiya dünya dövlətlərini insidentə operativ reaksiya verməyə, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə hörmət göstərməyə çağırıb, münaqişənin tezliklə həllini tələb edib.
Paris Azərbaycan Evinin bəyanatı isə Avropa Şurasının baş ofisinə, Fransanın bütün müvafiq dövlət qurumlarına göndərilib.