Bank Of Baku

IV Qlobal Bakı Forumu çərçivəsində “Ukrayna regional təhlükəsizliyin dönüş nöqtəsi kimi” mövzusunda panel keçirilib - YENİLƏNİB

IV Qlobal Bakı Forumu çərçivəsində “Ukrayna regional təhlükəsizliyin dönüş nöqtəsi kimi” mövzusunda panel keçirilib - <span style="color: red;">YENİLƏNİB
# 10 mart 2016 15:09 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. "Heç zaman düşünmürdüm ki, Ukraynada vəziyyət belə dəyişə bilər". 
 
APA-nın məlumatına görə, bunu IV Qlobal Bakı Forumu çərçivəsində “Ukrayna regional təhlükəsizliyin dönüş nöqtəsi kimi” mövzusunda panelin moderatoru IRIS (Beynəlxalq və Regional Tədqiqatlar İnstitutu) təşkilatının rəhbəri Fransis Odonnel deyib. 
 
O bildirib ki, dünya Ukraynanın bir hissəsinin başqa ölkəyə birləşdirilməsinin şahidi oldu: “Böyük ölkələrin kiçik ölkələrə təsir mexanizmini görürük. Ukraynada vəziyyət faciəlidir, 10 minə yaxın insan həlak olub, iqtisadiyyat pis vəziyyətdədir. Rusiyada da vəziyyət pisdir. "Biz burada beynəlxalq cəmiyyətin rolu nə ola bilər" deyə düşünəndə BMT Təhlükəsizlik Şurası, ATƏT yada düşür. Bu təşkilatların problemin həllində böyük rolu ola bilər”.
 

Paneldə çıxış edən Latviyanın keçmiş prezidenti bildirib ki, II Dünya müharibəsindən sonra dünyanın dəqiq fundamental prinsiplərinin əsasını yaratmaq üçün ciddi cəhdlər həyata keçirilib. Onun sözlərinə görə, müharibənin ağır nəticələrindən sonra bunun bir daha təkrarlanmaması üçün prinsiplər hazırlanmışdı: “Bu sistem bir neçə 10 il ərzində formalaşmışdı. Lakin bəzi ölkələrinin hərəkətləri bu prinsiplərə uyğun gəlmir. BMT üzvlərinin çoxu rotasiya qaydasına görə Təhlükəsizlik Şurasında təmsil olunur. Hamı imzalanan sazişlərə, razılaşmalara hörmətlə yanaşmalıdır”.

 

Polşanın keçmiş prezidenti Bronislav Komorovski çıxışında Krım və Donbas probleminin birdən-birə yaranmadığını bildirib: “Bunlar çox mürəkkəb tarixi proseslərə əsaslanır. Müəyyən bir xalqın iradəsinə hörmət bəslənməlidir. Qonşular arasında hər zaman münaqişələr baş verir. Bu, Ukrayna, Qərb, Avropa İttifaqı üçün bir sınaqdır. Belə bir suala cavab vermək lazımdır ki, Qərb bu münaqişələri həll etməyə hazırdırmı?  Rusiya üçün də bu, bir sınaqdır. Rusiya gələcəkdə hansı şəkildə hərəkət edəcək, inkişaf necə baş verəcək, Rusiya bu prinsiplərə hansı müddətə sadiq olacaq, nə vaxta kimi öz qonşularına təzyiq göstərəcək ki, ona tabe olsunlar, müəyyən mənada imperiya bərqərar olsun? Belə suallar çoxdur".

 

Rumıniya xarici işlər nazirinin müavini Daniel İonita bu münaqişələrin Avropanın təhlükəsizliyinə təsir etdiyini bildirib: "Dağlıq Qarabağ, Cənubi Osetiya münaqişələri hələ də aktuallığını qoruyub saxlayır. Ona görə də bütün resurslardan istifadə olunmalıdır ki, münaqişələr həllini tapsın. Təhlükəsizlik sadəcə hərbi sahədən ibarət deyil, bunun siyasi tərəfləri də var. Bizim qitəmizdəki təhlükəsizlik hərtərəfli olmalı, insan hüquqları əsas götürülməlidir. Ukrayna böhranın həllini tapması çox vacibdir. Bütün tərəflər öhdəliklərinə sadiq qalmalıdırlar, mənfi nəticələrin qarşısını almaq üçün tədbirlər görülməlidir. Ukrayna problemini həll etmək asan deyil, ölkə çox çətin vəziyyətə düşüb və onu dəstəkləmək lazımdır. Ukraynanın ərazi bütövlüyü təmin olunmalıdır”.  

 

İrlandiyanın keçmiş baş naziri Berti Ahern bildirib ki, insanların əzab-əziyyətlərlə üzləşməsinin, ölüm hallarının qarşısı alınmalıdır: “Dünyada münaqişələrin effektləri bir-birinə oxşayır. Rusiya və Ukrayna arasında münaqişəsinin həlli üçün başqalarının köməyindən istifadə etmək lazımdır. Avropa İttifaqı və digər təşkilatlar bu işə daha böyük töhfələr verə bilər”.

 

Ukraynanın keçmiş prezidenti Viktor Yuşenko ölkəsinin hər zaman Budapeşt memorandumunun şərtləri altında hərəkət etdiyini deyib: “Biz düşünürdük ki, bu sənəd ərazi bütövlüyümüzü təmin edir. Amma Rusiya bu öhdəliklərini pozdu. Deyirsiniz, gəlin kompromis tapaq. Kollektiv təhlükəsizlik Avropa üçün yaxşıdır, Ukrayna üçün deyil? Ərazi bütövlüyümüzü və siverenliyimizi təmin etmək baxımından Ukraynaya nə etmək qalır? Biz bilirik ki, belə mexanizmlər var, lakin bu, Ukraynanın əlində deyil. Biz irəliləməyə hazırıq. Mən Ukrayna-Rusiya münasibətlərinə hörmətlə yanaşaram, əgər onlar mənin ölkəmə, millətimə hörmətlə yanaşsalar..."

 

Forum sabah panel müzakirələri ilə davam edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR