Bakı. Mübariz Aslanov – APA. Kiyevdə Ukrayna Millətlər Assambleyasının (UAK) və Birləşmiş Ukrayna Azərbaycanlılar Konqresi (BUAK) təşkilatçılığı ilə qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təntənəli qəbul təşkil edilib.
APA-nın məlumatına görə, tədbirin rəsmi hissəsini bayram təbrikləri və xoş arzularla UAK-nin sədri və BUAK -in rəhbəri Rövşən Tağıyev açıb. Daha sonra Azərbaycanın Ukraynadakı müvəqqəti işlər üzrə müvəkkili Nazim Əliyev və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin rəsmi nümayəndəsi Ruslan Quliyev çıxış ediblər.
Çıxış edənlər, Ukraynada fəaliyyət göstərən Azərbaycan diasporasının liderlərindən biri, Azərbaycan diplomatları, profil komitəsinin nümayəndəsi Dünya Azərbaycanlılarının Həmrəylik Gününün rolu və əhəmiyyətindən danışaraq, prezident İlham Əliyevin ardıcıl, sistemli siyasətindən, ölkəmizi dünyanın qabaqcıl dövlətlərindən birinə çevrilməsi yolunda aparılan iqtisadi, sosial və humanitar islahatlardan söz açıblar. Onlar Ukrayna cəmiyyətinin nəzərinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini çatdıraraq, Bakıda keçirilən "Bakı-2015" I Avropa Oyunlarının möhtəşəm uğurlarından söz açıblar.
Öz növbəsində, Ukraynalı deputatlar Maksim Kuryaçiy, Sergey Taruta, Sergey Rudik, Sergey Melniçuk, ölkənin mədəniyyət nazirinin müavini Andrey Vitrenko, Ukrayna MOK rəhbəri Ravil Safiulin, Kiyev şəhər Şurasının deputatı Pavel Teslenko, Ukraynanın Çerkassk vilayətinin qubernatorunun müşaviri Yuri Podnebesnı və digərləri Azərbaycanın uğurlu daxili və xarici siyasəti, Ukrayna ilə Azərbaycan arasında mövcud strateji tərəfdaşlıqdan söhbət açıblar. Ukrayna tərəfi bizim soydaşlarımızı Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə yanaşı, həmçinin ölkə prezidenti İlham Əliyevin doğum günü münasibətilə təbrik edib, Azərbaycan xalqına və ölkə başçısına cansağlığı, sülh, xoşbəxtlik və çiçəklənmə arzu ediblər.
Daha sonra Müslüm Maqomayev adına Azərbaycan mədəniyyət mərkəzinin rəhbəri, Ukraynanın xalq artisti Qurban Abbasov və klassik musiqi kvartetinin iştirakı ilə konsert proqramı təqdim edilib. Qonaqlara Azərbaycan, Ukrayna və Avropa mətbəxinin nümunələri təqdim edilib. Tədbirdə Azərbaycan səfirliyinin nümayəndələri, Ukrayna siyasi isteblişmentinin nümayəndələri, ölkə deputatları, Kiyev şəhər Şurasının deputatı, mədəniyyət və işgüzar dairələrin nümayəndələri, Azərbaycan diasporunun fəalları və digər şəxslər iştirak ediblər.