Bakı – APA. Latviya prezidenti Raymonds Veyonis Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvlərini qəbul edib.
Bu barədə APA-ya Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Görüşdə mərkəzin həmsədrləri - Latviyanın sabiq prezidenti Vayra Vike-Frayberqa, İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Seragəldin və mərkəzin İdarə Heyətinin üzvü, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov iştirak edib. Nümayəndə heyətinin üzvləri Latviya prezidentinə Qlobal Bakı Forumu barədə məlumat veriblər. Forumun mühüm əhəmiyyət daşıdığı, qlobal problemlərin müzakirə edildiyi nüfuzlu siyasi, elmi platformaya çevrildiyi vurğulanıb. R. Veyonis 2017-ci ildə keçiriləcək V Qlobal Bakı Forumuna dəvət olunub. Latviya Prezidenti mərkəzin fəaliyyəti barədə məlumatların böyük maraq doğurduğunu vurğulayıb.
Görüşdə Latviyadakı Azərbaycan diasporuna göstərilən diqqət, qayğı və dəstəyə görə Latviya prezidentinə və hökumətinə minnətdarlıq ifadə olunub.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyəti üzvlərinin Riqaya səfəri davam edir.