Riqa. Mübariz Aslanov - APA. “Biz yəhudilər azərbaycanlılara öz problemlərini çatdırmaqda, milli faciələrini təbliğ etməkdə və ümumiyyətlə, lobbiçilik işində Avropada hər cür dəstək verməyə hazırıq”.
Bunu APA-ya açıqlamasında Latviya Yəhudi Cəmiyyətinin icraçı direktoru Gita Umanovska bildirib.
Latviyadakı yəhudi cəmiyyətinin Şimali Avropada ikinci ən böyük yəhudi təşkilatı olduğunu xatırladan G. Umanovska bildirib ki, Litvada yəhudi lobbisinin ən sıx əməkdaşlıq etdiyi təşkilatlar Azərbaycan diaspor təşkilatlarıdır: “Hətta erməni diasporu ilə bizim heç elə əlaqəmiz yoxdur. Ermənilər ilə demək olar ki, heç bir ortaq işimiz olmur. Çünki onlarla alınmır. Amma əksər tədbirləri, təbliğat və informasiya işini Azərbaycan diasporu ilə birgə görürük. Azərbaycanlıların bizimlə çox yaxşı dostluğu alınır. Biz yəhudi lobbisi olaraq bütün təcrübələrimizi azərbaycanlı dostlarımızla bölüşməyə hazırıq”.
G. Umanovska bildirib ki, Azərbaycandakı münaqişə, Xocalı faciəsi və digər bu kimi hadisələrə dünyada hüquqi qiymət verilməsi üçün Avropada daha çox təbliğat işinə ehtiyac var: “Biz yəhudilər Holokost faciəsinə ilk hüquqi qiyməti 1964-cü ildə ala bildik. Bunun üçün uzun bir yol və çətin də olsa güclü təbliğat dövrü keçdik. Hazırda azərbaycanlılar da münaqişə nəticəsində öz tapdanmış hüquqlarının bərpası üçün çalışırlar. Biz bilirik ki, azərbaycanlılara qarşı dəhşətlər törədilib. Bunu dünyaya tam çatdırmaq lazımdır. Bunu daha güclü formada davam etdirmək lazımdır və biz bu işdə azərbaycanlıların yanındayıq”.
Qeyd edək ki, “APA Holding”in Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə reallaşdırdığı “Sərhəddən kənar azərbaycanlılar...” adlı layihə çərçivəsində Şərqi Avropa ölkələrində görüşlər keçirilir.