Moskva. Fərid Əkbərov – APA. Rusiya paytaxtında Ümumrusiya Azərbaycan Konqresi, Rusiya Azərbaycanlı Gənclər Birliyi və Aydın Qurbanov Fondu Böyük Vətən müharibəsi veteranları üçün qələbənin 70 illiyi münasibətilə ziyafət təşkil edib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bayram tədbirini veteranlar Azərbaycan və Rusiya bayraqları altında Moskva çayında teploxodda gəzintiyə çıxaraq qeyd ediblər.
Ümumrusiya Azərbaycan Konqresinin icraçı direktorunun müavini İlqar Hacıyev veteranları təbrik edərək, qələbənin 70 illiyinin qeyd olunmasında, müharibə veteranlarına qayğı göstərilməsində ictimai təşkilatların roluna diqqət çəkib: “Ümumrusiya Azərbaycan Konqresi və Rusiya Azərbaycanlı Gənclər Birliyinin təşəbbüsü ilə qələbənin 70 illiyi münasibətilə iki aydan çoxdur ki, “Biz böyük qələbənin varisləriyik” adlı aksiya keçirilir. Aksiyalar tək Moskvada deyil, Rusiyanın bütün regionlarında keçirilir. Bugünkü tədbir də həmin aksiyanın tərkib hissəsidir”.
Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri Aqşin Əliyev çıxışında Azərbaycanın Böyük Vətən müharibəsində qələbəyə verdiyi töhfədən danışıb: “Çox əlamətdardır ki, bu barədə təkcə Azərbaycanda deyil, Rusiya və digər ölkələrdə də danışılır”.
Rusiyalı veteranlar isə Azərbaycanın qələbədəki rolu barədə araqlı faktlar söyləyiblər.
Rusiya Veteranlar Partiyasının Rəyasət Heyətinin üzvü, marşal Çuykovun nəvəsi Nikolay Çuykov hər 5 azərbaycanlıdan birinin İkinci Dünya müharibəsinin iştirakçısı olduğunu söyləyib: “Bu, 690 min nəfər deməkdir. 400 mindən çox azərbaycanlı orden və medallara layiq görülüb. 128 azərbaycanlı “Sovet İttifaqı Qəhrəmanı” adını alıb. Qəhrəmanlardan Həzi Aslanovu bütün ittifaq xatırlayır. O, vacib əməliyyatların taleyini həll edib, alman generalı Manşteynin əks-hücumunun qarşısını alıb, 2 dəfə “Sovet İttifaqı Qəhrəmanı” adına layiq görülüb. Azərbaycanın 250 min şərəfli oğlu döyüşdə həlak olub. Azərbaycan nefti hesabına biz böyük qələbəni əldə etmişik”.
Tədbirdə çıxış edən azərbaycanlı müharibə veteranı Tofiq Mirseyidov arxa cəbhənin iştirakçısı olduğunu və 14 yaşında zavodda işlədiyini bildirib: “Avtomat istehsal edirdik. 16 saat işləyirdik. 1-2 saatlığa evə gedib istirahət edib, yenidən işə qayıdırdıq. Devizimiz “Hər şey müharibə üçün” olub”.