Bakı. Cavid Zeynallı - APA. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi İdarə Heyətinin üzvləri - Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov və Serbiyanın eks-prezidenti Boris Tadiç arasında görüş keçirilib. Komitədən APA-ya verilən məlumata görə, görüşdə Nizami Gəncəvi Mərkəzinin fəaliyyəti, 2014-cü ildə həyata keçirilən layihələrlə bağlı fikir mübadiləsi aparılıb.
Komitədən bildiriblər ki, əsas diqqət 2015-ci ilin aprelində keçiriləcək III Qlobal Müştərək Cəmiyyətlər Forumuna hazırlıqla bağlı görülən işlərə və görüşlərə ayrılıb. Görüşdə 2015-ci ilin fevral ayında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Brüsseldə baş tutacaq “Avropada etimadın bərpa olunması” mövzusunda beynəlxalq konfrans geniş müzakirə olunub.
Nazim İbrahimovla Boris Tadiçin görüşündə həmçinin, Serbiya və Balkanlarda Qarabağ həqiqətlərinin yerli ictimaiyyətə çatdırılması, mədəniyyətin təbliği, soydaşlarımızın ölkənin ictimai-siyasi həyatına inteqrasiyası və ümumiyyətlə, bölgədə Azərbaycan diasporunun fəaliyyətinin gücləndirilməsi istiqamətində əməkdaşlıq məsələləri də müzakirə olunub.
Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin dəvəti ilə Azərbaycana səfər edən Boris Tadiç 2004-2012-ci illərdə ölkəsinə rəhbərlik edib, hazırda isə Demokrat Partiyasının sədridir.