Bank Of Baku

Nijni Novqorodda Heydər Əliyevin vəfatının 12-ci ildönümünə həsr olunan tədbir keçirilib

Nijni Novqorodda Heydər Əliyevin vəfatının 12-ci ildönümünə həsr olunan tədbir keçirilib
# 11 dekabr 2015 00:55 (UTC +04:00)

Nijni Novqorod. Fərid Əkbərov – APA. Rusiyanın Nijni Novqorod şəhərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 12-ci ildönümünə həsr olunan tədbir keçirilib. APA-nın Rusiya bürosunun məlumatına görə, Ümumrusiya Azərbaycan Konqresinin Nijeqorod vilayəti üzrə regional bölməsinin təşkilatçılığı ilə keçirilən tədbirdə şəhər administrasiyasının yüksək vəzifəli şəxsləri, yerli hakimiyyət orqanlarının, ictimai təşkilatların və diasporun nümayəndələri iştirak ediblər.

 

Rusiyanın və Azərbaycanın dövlət himnləri ilə başlanan tədbirdə Xəzər dənizində faciəvi şəkildə həlak olmuş azərbaycanlı neftçilərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Tədbiri giriş sözü ilə açan ÜAK-ın Nijeqorod vilayəti üzrə regional bölməsinin icraçı direktoru Roman Ağayev Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun tədbir iştirakçılarına məktubunu oxuyub.    

 

Heydər Əliyevin ölkə hüdudlarımızın xaricində, xüsusilə də Rusiyada xidmətlərinə görə xatırlandığını söyləyən diaspor rəhbəri bunun qürurverici bir hal olduğunu qeyd edib: “Çox sevindirci bir haldır ki, Nijnı Novqorod rəhbərliyi və ictimaiyyəti müasir Azərbaycanın inkişafını əks etdirən kursun müəllifi kimi Heydər Əliyevi tanıyırlar. Heydər Əliyev rusiyalıların tanıdığı ən məşhur azərbaycanlıdır tezisi Rusiyanın bütün şəhərlərində isbat olunub. Sevindiricidir ki,  ulu öndəri soydaşlarımızla bərabər hər bir etnosun təmsilçisi xoş təəsüratla yada salır. Rusiyalıların bizə hörmətinin kökündə həm də Heydər Əliyev fenomeni dayanır. Bu gün Heydər Əliyev siyasi kursu Azərbaycan prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Rusiya kimi nəhəng bir ölkə ilə  münasibətlərini günü-gündən inkişaf etdirən bir ölkə kimi qəbul olunur. Rusiyada yaşayan diaspor təşkilatı olaraq iki ölkə arasındakı münasibətlərin daha da möhkəmlənməsi üçün əlimizdən gələni etməyə hazırıq”.

 

Nijniy Novqorodun müsəlmanlar idarəsinin sədri Həzrət Qayyaz Zakirov Heydər Əliyevin öndər olduğunu onun adıyla bağlayıb. “Heydər” ərəbcədən tərcümədə öndə gedən deməkdir. Biz, rusiya müsəlmanları üçün Heydər Əliyev şəxsiyyətinin böyüklüyü həm də onunla izah olunur ki, hətta ateist sovet rejimi dövründə Heydər Əliyev böyük bir dövlətin rəhbərliyində olunduğuna baxmayaraq islam adət-ənənələrinin qorunub saxlanılmasında xidmətləri olub”.

 

Tədbirdə çıxış edən rusiyalılar ulu öndərin haqqında xatirələrini bölüşüblər. Nijeqorod vilayətinin Kstovo şəhərinin sakini Nina Utkina sovet dövründə oğlunun Bakıda təhsil aldığı illərdə Heydər Əliyevlə canlı ünsiyyəti ilə bağlı xatirələrini bölüşüb: “Mənim oğluma məhz Heydər Əliyevin əlindən diplom almaq nəsib olub”.

 

Heydər Əliyevin rusiyalılar arasında sevilməsinin bir səbəbini isə Nijni Novqorodun ictimai xadimi, dövlət muzeyinin direktoru, bu yaxınlarda Azərbaycanda səfərdə olmuş Mixail Çirikov izah edib. O, Heydər Əliyevin xidmətlərinə məhz ulu öndərin Azərbaycandakı rus icması qarşısındakı xidmətləri kontekstində qiymət verib.“Heydər Əliyev Azərbaycanı ölkədə yaşayan bütün xalqlar üçün sabit və təhlükəsiz dövlətə çevirdi”.

 

Rusiya Azərbaycanlı Gənclər Birliyinin (AMOR) koordinatoru Ramin Rəcəbov çıxışında Heydər Əliyevin xilaskar missiyasından söz açaraq ümummilli liderin gənclərə göstərdiyi xüsusi diqqətin hal-hazırda da yüksək səviyyədə davam etdirildiyini vurğulayıb.

 

Tədbirin sonunda ümummilli liderin həyat və fəaliyyətindən bəhs edən “Mir” telekanalının istehsalı olan “Heydər Əliyev. Qalibin yolu” filmi nümayiş etdirilib.  

1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR