Bakı. Mübariz Aslanov – APA. Ukraynanın Ujqorod şəhərində qondarma "erməni soyqırımı"na abidə qoyulur. Bununla bağlı ölkənin qərbində yaşayan azərbaycanlılar prezident Pyotr Poroşenkoya, Ali Radaya etiraz bəyanatı ünvanlayıblar. Zakarpatye Azərbaycanlıları Konqresinin sədri Zakir Göyüşov APA-ya açıqlamasında bildirib ki, abidənin şəhərin mərkəzi küçələrindən birində qoyulması üçün hazırlıq gedir.
Z. Göyüşov deyib ki, ermənilərin hazırlığı, abidəyə meriyadan icazə alınması prosesi gizli aparılıb və azərbaycanlılar son anda – abidəyə yer hazırlanarkən bundan xəbər tutublar: “Biz əvvəlcə meriyada görüş keçirərək öz etirazımızı bildirdik. Onlar səbəb kimi konkret heç nə deməsələr də, məsələnin meriyanın icazəsi ilə baş tutduğunu etiraf etdilər. Bildirdilər ki, yaxın iki-üç günə abidənin açılışı olacaq. Bizdə olan məlumata görə, erməni iş adamları meriyaya külli miqdarda rüşvət verərək buna razılıq alıblar. Biz ölkə prezidentinə və Ali Radaya qərbi Ukraynada yaşayan azərbaycanlılar adından etiraz bəyanatı ünvanladıq. Çünki bu qərar qanuna ziddir, ölkə qanunvericiliyi qondarma "soyqırım"ı müzakirə etməkdən belə imtina edib, o zaman abidə hansı qanun əsasında qoyulur?”
Bölgədə Türkiyə diasporunun olmadığını deyən Z. Göyüşov qeyd edib ki, regionda yaşayan az sayda Orta Asiya türkü də azərbaycanlıların təşəbbüsünə dəstək verir.