Moskva. Fərid Əkbərov - APA. Rusiya paytaxtında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Rusiya Azərbaycanlı Gənclər Birliyi (AMOR) Dünya Azərbaycanlılarının Həmrəylik Gününə və Yeni ilə həsr edilmiş tədbir keçirib.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, AMOR İdarə Heyətinin üzvü Emin Hacıyev tədbiri açaraq iştirakçıları təşkilatın sədri Leyla Əliyevanın adından qarşıdan gələn bayramlar münasibətilə təbrik edib. AMOR-un 2015-ci ildəki fəaliyyəti barədə məlumat verən E. Hacıyev təşkilatın üzvlərinin sayının ildən-ilə artdığını, AMOR-un bu il də bir sıra maraqlı layihələr həyata keçirdiyini söyləyib.
Tədbirdə çıxış edən Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev Azərbaycanın son illər qazandığı uğurlardan danışıb. O, Rusiya ilə Azərbaycan arasında dostluq və əməkdaşlığa böyük töhfələr verən Rusiya Azərbaycanlı Gənclər Birliyinin fəaliyyətini yüksək qiymətləndirib.
Ümumrusiya Azərbaycan Konqresinin icraçı direktoru İlqar Hacıyev, Rusiya-Azərbaycan Dostluğu Mərkəzinin direktoru Natalya Krasovskaya AMOR fəallarının hər bir təşəbbüsünün Rusiyadakı Azərbaycan diasporunun möhkəmlənməsinə və birləşməsinə xidmət etdiyini vurğulayıblar: "Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi təşkilatın Rusiyada yaşayan və təhsil alan gənclərin birləşməsində, elm, təhsil, yaradıcılıq sahələrində, habelə ictimai təşəbbüslərin reallaşdırılmasında fəaliyyəti əvəzsizdir".
Tədbir milli musiqi və rəqslərdən ibarət konsert proqramı ilə başa çatıb.