Rusiya Dövlət Sosial Universiteti Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatının ləğvi ilə bağlı Rusiya Ədliyyə Nazirliyinə müraciət edib.
Diasporla İş Üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müraciətdə qeyd olunur ki, Rusiya Dövlət Sosial Universiteti 10 ildən artıqdır ÜAK-la əməkdaşlıq edir və bu illər ərzində sıx dostluq və işgüzar münasibətlərin inkişafı, mədəni, elmi və mənəvi əlaqələrin qurulması istiqamətində ÜAK-la birgə xeyli işlər görülüb.
Həmçinin vurğulanır ki, ictimai təşkilat olan ÜAK-ın yaradılması Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır, 2004-cü ildə ÜAK-ın II Qurultayında Rusiya prezidenti Vladimir Putin və Azərbaycan prezidenti İlham Əliyev iştirak edib:
“ÜAK-ın qeydiyyatı, təşkilatın gələcək taleyi ilə əlaqədar öz narahatlığımızı ifadə edirik. Belə təşkilatların fəaliyyəti Rusiya və Azərbaycan xalqı arasındakı dostluq münasibətlərinin möhkəmləndirilməsi, habelə Azərbaycan diasporunun Rusiyanın ictimai həyatında layiqli iştirakı üçün zəruridir”.