Moskva. Fərid Əkbərov - APA. Rusiyanın Amur vilayətində Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunan anım tədbiri keçirilib. APA-nın Rusiya bürosunun məlumatına görə, artıq yeddinci ildir ki, vilayətin mərkəzi olan Blaqoveşensk şəhərində keçirilən anım tədbirində Azərbaycan diasporu və digər xalqların diaspor və yerli ictimaiyyət nümayəndələri iştirak ediblər.
Soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan anım tədbiri çərçivəsində Xocalı soyqırımına həsr olunan foto və kitabsərgisi də təşkil olunub. Tədbir iştirakçıları Qarabağ konfliktinə həsr olunmuş qəzet, jurnal nəşrləri ilə tanış olublar.
Tədbirdə çıxış edən Uzaq Şərq Dövlət Aqrar Universitetinin dosenti Almaz Həsənov çıxışında erməni silahlı qüvvələrinin Azərbaycanın Xocalı şəhərində törətdikləri vəhşi cinayətdən danışıb. O, Blaqoveşensk şəhərində vaxtı ilə Xocalıdan olan bir nəfərin yaşadığını söyləyib: "Həmin şəxs bir neçə il bundan qabaq gedib. Blaqoveşenksdə Xocalı soyqırımının şahidi yoxudr. Lakin Qarabağ müharibəsinin iştirakçıları var".
Qeyd edək ki, Amur vilayəti və Blaqoveşensk şəhərinin rəsmi xəbər portalları Xocalı soyqırımı və Azərbaycan diasporunun keçirdiyi anım tədbiri haqqında xəbər yayıb. "amur.info" və "blaqovehensk.ru" saytlarında gedən məlumatlarda Xocalı faciəsinin tarixçəsi haqqında yazılıb və Xocalıda azərbaycanlıların soyqırımının Qarabağ müharibəsinin qanlı faciəsi olduğu qeyd olunub.