Bakı - APA. Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov bu ölkədə yaşayan azərbaycanlılarla görüş keçirib.
APA-nın “AKİpress”ə istinadən verdiyi məlumatına görə, səfirlik binasında baş tutan görüşdə çıxış edənlər Qırğızıstanda yaşayan azərbaycanlıların problemlərindən söz açıblar.
Görüşdə həmçinin 1933-1937-ci illərdə repressiya qurbanları ilə bağlı məsələlərin daha dolğun öyrənilməsi üçün arxivlərin açılması, Azərbaycan və Mərkəzi Asiya respublikalarının müvafiq orqanlarına müraciət edilməsi, Qırğızıstanda universitetlərin birində Azərbaycan Mərkəzinin açılması məsələsi müzakirə olunub.
Səfir H.Orucov bildirib ki, Qırğızıstanda yaşayan azərbaycanlılar özlərini ölkənin tamhüquqlu vətəndaşı hesab edirlər: “Orta Asiyaya sürgün olunmuş soydaşlarımız bir çox məhrumiyyətlərlə üzləşiblər. Lakin, qırğız xalqı və Mərkəzi Asiyanın digər xalqları azərbaycanlıları öz yaxınları kimi qəbul ediblər, bir parça çörəklərini onlarla bölüşüblər. Bu gün Qırğızıstanda təxminən 20 min azərbaycanlı yaşayır. Bu insanlar qürbətdə hörmət qazanıblar, Azərbaycan və Qırğızıstan arasındakı dostluq əlaqələrini möhkəmləndirirlər”.