İstanbul. Mayis Əlizadə - APA. Azərbaycanın Xocalı şəhərində erməni terrorçularının 26 fevral 1992-ci ildə törətdikləri soyqırımının 24-cü ilində Türkiyənin Bursa şəhərində tədbirlər keçirilib. Türk Ocaqlarının Bursa şöbəsi və Kayseridəki Ərciyəz Universiteti erməni araşdırmaları mərkəzinin birgə təşkil etdikləri tədbirdə çıxış edən mərkəzin rəhbəri professor Qafar Çaxmaqlı erməni terrorunun mənşəyi, tarixi mərhələləri və XIX əsrin axırından başlayaraq ermənilərin türklərə qarşı həyata keçirdikləri soyqırımları barədə ətraflı məlumat verib.
APA-nın məlumatına görə, digər çıxışçılar Xocalı soyqırımını törədənlərin bir an əvvəl beynəlxalq hərbi tribunalda cəzalandırılmalarını tələb ediblər. Tədbirdə qədim türk yurdu olan İrəvanın maddi-mədəniyyət abidələrini əks etdirən foto-sərgi nümayiş olunub.
Bursa mədəniyyət mərkəzində isə Azərbaycan Kültür Dərnəyi Bursa şöbəsinin təşkilatçılığı tədbir keçirilib. Tədbirdən əvvəl tədqiqatçı Yusif Əşrəf Uzundərəlinin ermənilərin törətdiyi soyqırımları əks etdirən foto-sərgisi açılıb. Tədbirdə “erməni məsələsi”nin mahiyyəti haqda danışan Q. Çaxmaqlı mövzuya aid sualları cavablandırıb.