Komitənin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə hər iki qurum arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.
N. İbrahimov son illər güclənən Azərbaycan və Türkiyə diasporunun birgə fəaliyyətindən danışıb və bu əməkdaşlığın daha da inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb. O rəhbərlik etdiyi qurumla Türkiyə Nazirlər Kabineti yanında Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları İdarəsi arasında əlaqələrin inkişaf etdirilməsinin vacibliyini qeyd edib. Onun fikrincə, bu halda Azərbaycan və Türkiyə diasporu arasında koordinasiya daha effektli qurula bilər.
Q. Bülbül də öz növbəsində Azərbaycan və Türkiyə diaspor təşkilatlarının birgə fəaliyyətinin daha effektli olacağını bildirib. O, türk dünyasını narahat edən beynəlxalq əhəmiyyətli məsələlərdə ortaq mövqedən çıxış etməyin böyük əhəmiyyət daşıdığını vurğulayıb. Türkiyə diasporunun Xocalı, Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında, Azərbaycan diasporunun isə ermənilərin qondarma soyqırım iddialarına qarşı mübarizədə fəal iştirak etdiyini söyləyən Q. Bülbül birgə fəaliyyətin və qarşılıqlı əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini bildirib.