Bank Of Baku

Qəbələdə beynəlxalq yarışa və ümumrespublika birinciliyinə start verilib

Qəbələdə beynəlxalq yarışa və ümumrespublika birinciliyinə start verilib
# 25 iyun 2018 14:57 (UTC +04:00)

Qəbələ şəhərində “Gənc xilasedici” VI Beynəlxalq yarışına və “Gənc xilasedici və yanğınsöndürən” VII Ümumrespublika birinciliyinin final mərhələsinə start verilib.

 

Tədbirlər Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının, Təhsil, Gənclər və İdman nazirliklərinin dəstəyi ilə keçirilir.

 

FHN-in mətbuat xidmətindən APA-ya bildirilib ki, tədbir iştirakçıları iyunun 24-də Bakı şəhərində Fəxri Xiyabanda lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər.

 

İyunun 25-də Qəbələ şəhərində “Gənc xilasedici” VI Beynəlxalq yarışının və “Gənc xilasedici və yanğınsöndürən” VII Ümumrespublika birinciliyinin açılış mərasimi keçirilib. Mərasimdə çıxış edən fövqəladə hallar nazirinin müavini tibb xidməti general-leytenantı Faiq Tağızadə təşkil olunmuş yarışların əhəmiyyətini vurğulayaraq, belə müsabiqələrin keçirilməsinin vacibliyindən danışıb.

 

FHN-in İctimaiyyətlə əlaqə idarəsinin rəis müavini polkovnik Məhbubə Mustafayeva qeyd edib ki, bu cür yarışlar yeniyetmə və gənclərin fövqəladə hallarla mübarizə sahəsində yeni təcrübələrin əldə etməsində mühüm rol oynayır.

 

Sonra yarışlara start verilib.

 

Qeyd edək ki, “Gənc xilasedici və yanğınsöndürən” Ümumrespublika birinciliyi artıq 7-ci dəfədir, təşkil olunur və bu yarışların keçirilməsində məqsəd yeniyetmə və gənclərin fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsi, məktəblilər arasında sağlam həyat tərzinin təbliği, onlara şəxsi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin və hərbi-vətənpərvərlik ruhunun aşılanmasıdır. Yarış ümumilikdə 3 mərhələdə - rayon (şəhər), zona və ümumrespublika yarışları mərhələsində təşkil olunur. Zona yarışlarında qalib gəlmiş komandalar Ümumrespublika final yarışlarında iştirak edirlər. Builki Ümumrespublika birinciliyində 10 rayon və şəhərin komandaları birincilik uğrunda mübarizə aparacaqlar.

 

“Gənc xilasedici” VI Beynəlxalq yarışında isə Azərbaycan, Türkiyə, Rusiya, Belarus, Pakistan, Gürcüstan, Rumıniya və Qazaxıstan respublikalarının komandaları qüvvələrini sınayacaqlar. Moldova Respublikasının nümayəndə heyəti isə yarışları qonaq qismində izləyəcək.

 

Yarışlar iyulun 1-nə kimi davam edəcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR