Azərbaycanın bəzi rayonlarında sürüşmə ilə əlaqədar aparılan monitorinqlər başa çatdırılıb

Azərbaycanın bəzi rayonlarında sürüşmə ilə əlaqədar aparılan monitorinqlər başa çatdırılıb
# 13 aprel 2012 07:42 (UTC +04:00)
Şamaxı. Elvin Yaqubov-APA. Şamaxı rayonunun Muğanlı kəndində baş verən torpaq sürüşməsi nəticəsində evləri qəzalı vəziyyətə düşən 46 evin sakinlərinə Meysəri ərazisində yeni mənzillərin tikilməsi üçün ayrılan torpaq sahəsi təhlükəsiz zonada yerləşir. Bu barədə APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının baş mühəndisi Şaiq Niftiyev bildirib.

O, Meysəri kəndi ərazisində 10 gün ərzində aparılan monitorinqləri başa çatdırdıqdan sonra bu barədə müsbət rəy verdiklərini bildirib: “Şamaxının Meysəri kəndində tədqiqat işlərini başa çatdırmışıq və rəyimizi müvafiq qurumlara təqdim etmişik. Muğanlı kəndinin sakinləri üçün yeni evlərin və sosial obyektlərin inşası üçün ayrılan 55 hektar torpaq sahəsinə, əlavə olaraq isə gələcəkdə gənc ailələr üçün nəzərdə tutulan 20 hektar həyətyanı torpaq fonduna baxış keçirdik. Ərazidə vəziyyət stabildir, eksogen-geoloji proseslərin heç bir təzahürü və onların formalaşması üçün heç bir təbii amil yoxdur. Bir sözlə, gələcəkdə Meysəri ərazisində torpaq sürüşməsinin baş verməsi ehtimalı yoxdur. Hazırda Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri həmin ərazidə mühəndis-geoloji işləri aparırlar. Yaxın vaxtlarda evlərin tikintisi üçün layihələndirmə və maliyyələşdirmə işlərinə başlanması gözlənilir”.

Şaiq Niftiyev qeyd edib ki, ümumiyyətlə Şamaxı, Ağsu və İsmayıllıdakı sürüşmə sahələrində aparılan müşahidələr başa çatdırılıb, hazırda isə Quba və Qusarda tədqiqat işləri davam etdirilir: “Biz ölkədəki 226 sürüşmə sahəsində mütəmadi olaraq monitorinqlər aparırıq. Bu sürüşmə sahələrinin hamısında cüzi aktivləşmə var ki, bunların da hamısı təbii proseslərlə bağlıdır. Ən aktiv sürüşmə sahələri isə İsmayıllı və Şamaxıdadır. Ağsu rayonunun 11 kəndində də sürüşmə sahələri var. Həmin ərazilərə də baxış keçirdik. Hər bir kənddə yeni və lokal sürüşmə sahələri var”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR