Azərbaycanda yeni aşkar olunmuş 1725 abidə dövlət qeydiyyatına alınıb

Azərbaycanda yeni aşkar olunmuş 1725 abidə dövlət qeydiyyatına alınıb
# 30 avqust 2012 09:03 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkə ərazisində yeni aşkar olunmuş tarix, mədəniyyət abidələrinin dövlət qeydiyyatı üzrə tədbirlər davam etdirilir və prosesin yaxın aylarda tamamlanması nəzərdə tutulur.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli qərarı ilə dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısında 6308 abidə yer alıb ki, bunlardan 699-u Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarında yerləşir. 2006-cı ildən başlayan yeni aşkar olunmuş abidələrin qeydiyyatı prosesində 1725 obyekt dövlət qeydiyyatına alınıb və onlarda ilkin mühafizə tədbirləri gücləndirilib. Bunlar əsasən arxeoloji tədqiqatlar zamanı aşkar edilmiş, müasir dövrümüzdə tikilmiş və memarlıq üslubuna, plan həllinə görə fərqlənən, əvvəlki qeydiyyata alma zamanı nəzərə alınmamış obyektlərdən ibarətdir. “Tarix və mədəniyyət abidələrinin mühafizəsi haqqında" 13 iyun 1998-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Mədəniyyət və Turizm Nazirliyi tərəfindən toplanmış materiallar, yeni aşkar olunmuş obyektlərin siyahısı baxılması və müvafiq əhəmiyyət dərəcəsinin müəyyən olunması məqsədilə Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq İnstitutlarına təqdim ediləcək. Müvafiq rəylər alındıqdan və abidələrin ümumi inventarlaşdırılması aparıldıqdan sonra tarix və mədəniyyət abidələrinin yeni dövlət siyahısı təsdiq olunmaq üçün Nazirlər Kabinetinə təqdim olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR