Dostunu qətlə yetirən Sumqayıt sakini 10 il müddətinə azadlıqdan məhrum edilib

Dostunu qətlə yetirən Sumqayıt sakini 10 il müddətinə azadlıqdan məhrum edilib
# 24 sentyabr 2012 13:38 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə-APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi amansızlıqla qətl hadisəsi törətməkdə təqsirli bilinən Sumqayıt şəhər sakini Nizami Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. APA-nın məlumatına görə, hakim Rauf Əliyevin sədrlik etdiyi prosesdə hökm oxunub. Hökmə əsasən, N. Quliyev 10 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, bu il aprelin 11-də 1-ci mikrorayonda Sumqayıt şəhər sakini Solmaz Əliyevanın mənzilində onun əvvəllər məhkum olunmuş oğlu İlham Cabbarovun meyiti tapılıb. Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətmiş şəhər sakini, əvvəllər məhkum olunmuş Nizami Quliyev tutulub.

İlkin araşdırmalarla müəyyən edilib ki, aprelin 10-da saat 20.00 radələrində tüfeyli həyat tərzi keçirən İlham Cabbarov yaşadığı mənzildə tanışı Nizami Quliyevlə spirtli içki qəbul etdikdən sonra aralarında mübahisə yaranıb. Mübahisə zəminində İlham Cabbarov Nazim Quliyev tərəfindən bıçaqla çoxsaylı xəsarətlər yetirilərək öldürülüb.

Həmçinin müəyyən edilib ki, hər iki şəxs əvvəllər eyni həbsxanada cəza çəkiblər. Həbsdən azad olunduqdan sonra dost olublar. Həbsdən azad olduqdan sonra iş tapa bilməyən İlham Cabbarov tüfeyli həyat tərzi keçirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR