Jerar Depardye: “Azərbaycan kimi ölkənin düşməni olmamalıdır”

Jerar Depardye: “Azərbaycan kimi ölkənin düşməni olmamalıdır”
# 15 sentyabr 2012 10:24 (UTC +04:00)
“Azərbaycan həqiqətən də tolerant bir ölkədir”

Bakı. Ülkər Rəşidqızı - APA. “Azərbaycan kimi bir ölkənin düşməni olmamalıdır. Bu ölkədə hər şeyin ən yaxşısı var və bunu görməzlikdən gəlmək mümkün deyil. Bu səbəbdən Azərbaycana hər zaman inkişaf yaraşır”. APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycanda səfərdə olan dünya şöhrətli fransız aktyor Jerar Depardye deyib.

Azərbaycana ikinci dəfə səfər etdiyini xatırladan aktyor Azərbaycanı nadir gözəlliyə sahib olan ölkələrdən biri hesab edir: “Azərbaycan Qafqazda gözəlliyi, mədəniyyəti və qonaqpərvərliyinə görə seçilir və öndədir. İnsanlar bizi burda əcnəbi vətəndaş kimi deyil, yaxın adamları kimi qəbul edirlər. Dağıstan sərhədinə kimi olan bütün kəndlərdə olmuşam. Təbii neft yalnız nadir torpaqlardan çıxır və Azərbaycan bununla da nadir olduğunu sübut edir”. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ilə görüşdüyünü qeyd edən J.Depardye Azərbaycanda Fransa məktəbinin açılmasından məmnunluğunu ifadə edib: “Parisdə də Azərbaycan mədəniyyətinin təbliği istiqamətində işlər görülür. Sizin prezidentiniz Parisdə olanda Azərbaycan mədəniyyətinin Fransada təbliğ olunduğunun şahidi olub. Mehriban Əliyevanın rəhbərliyi altında Azərbaycanda keçirilmiş “Eurovision” mahnı müsabiqəsinin yüksək səviyyədə təşkilini də xüsusi qeyd etməliyəm. Mən bu ölkəni hədsiz dərədəcə çox sevirəm və hər zaman bu ölkə ilə bağlı istənilən layihədə iştirak etməyə hazıram”.

Aktyor Fransada Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyətinə də çox kömək etdiyini və bundan zövq aldığını diqqətə çatdırıb: “Fransada fəaliyyət göstərən Azərbaycan və türk məktəbini də dəstəkləmək lazımdır. “Azərbaycanfilm” kinostudiyası müasir standartlara cavab verən texnologiyalarla təmin olunmalıdır. Ölkənizdə olduğum müddətdə bir çox məkanları gəzdim. Caz mərkəzində gözəl musiqiləri dinlədim, eyni zamanda Azərbaycan rəssamları ilə də görüşəcəyəm. Bilirəm ki, sizin çox istedadlı rəssamlarınız var və bu əsərləri Parisə aparmaq istəyərdim”.

İslam dininin çox tolerant bir din olduğunu da bildirən J.Depardye bu dinin bir çoxları tərəfindən tam başa düşülmədiyini deyib: “Azərbaycan həqiqətən də tolerant bir ölkədir. Baxmayaraq ki, İranda da İslam dinidir, amma orada senzura var”. Aktyor Azərbaycanda Beynəlxalq Kino Məktəbi açmaq və bu məktəbdə müxtəlif ölkələrin gənc kinematoqrafçıların təhsil almasını istəyir: “Bunun üçün böyük bir məkan, yer lazım deyil. Köhnə studiyada belə bu arzunu gerçəkləşdirmək olar. Azərbaycanda reallaşdırmaq istədiyimiz bir çox layihələr var. Mən Qafqazı həqiqətən də çox sevirəm”.

Aktyor sonda Azərbaycan media mənsublarına “çox sağ olun” deyib və yaxın gələcəkdə yenidən ölkəmizə gələcəyini bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR