Azərbaycan prezidenti Kuba səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan prezidenti Kuba səfirinin etimadnaməsini qəbul edib
# 10 oktyabr 2012 15:10 (UTC +04:00)
Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev Kubanın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Omar Senon Medina Kinteronun etimadnaməsini qəbul edib. APA-nın məlumatına görə, səfir fəxri qarovul dəstəsinin qarşısından keçib, daha sonra etimadnaməsini prezident İlham Əliyevə təqdim edib. Səfirlə söhbətində Azərbaycan ilə Kuba arasında ikitərəfli əlaqələrin yaxşı səviyyədə olduğunu deyən dövlət başçısı bu əlaqələri daha da genişləndirməyin zəruriliyini vurğulayıb. Ölkələrimiz arasında ənənəvi dostluq münasibətlərinin bundan sonra da davam etdiriləcəyinə ümidvar olduğunu bildirən prezident İlham Əliyev iqtisadi və digər sahələrdə fəal əməkdaşlıq əlaqələri yaratmağın önəmini qeyd edib.

Kubanın Azərbaycana yeni təyin olunmuş səfiri Omar Senon Medina Kinteron ölkəmizdə gedən çox böyük inkişaf proseslərinin onda xoş təəssürat yaratdığını deyib. Səfir Azərbaycan ilə Kuba arasında əlaqələrin möhkəmləndirilməsi işində səylərini əsirgəməyəcəyini bildirib. Görüşdə birgə layihələr, sərmayə qoyuluşu, səhiyyə, idman, enerji və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğu vurğulanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR