Rəşad Məcidin italyan dilində nəşr olunan şeirlər kitabı Milanda təqdim olunub - FOTO

Rəşad Məcidin italyan dilində nəşr olunan şeirlər kitabı Milanda təqdim olunub  - <span style="color: red;">FOTO
# 13 iyul 2015 07:44 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Milanda Rəşad Məcidin italyan dilində çapdan çıxmış “O” kitabının və şeirlərinə italyan dilində bəstələnmiş musiqilərdən ibarət diskin təqdimatı keçirilib. Azərbaycan Yazıçılar Birliyinin (AYB) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təşkil olunan tədbirdə xalq yazıçısı Anar, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, nazirliyin şöbə müdiri, şair Vaqif Bəhmənli, gənc yazıçı Pərvin və başqaları iştirak ediblər.

Tədbirdə Milan şəhər bələdiyyəsinin milli şurasının sədri Bazilio Rossi və qurumun mədəniyyət məsələləri üzrə şöbəsinin müdiri Cüzeppe Landonio nəşrlə bağlı təəssüratlarını bölüşüblər. Çıxışçılar bildiriblər ki, kitabın italyandilli oxuculara təqdim olunması Azərbaycan ədəbiyyatının tanıdılması baxımından önəmli addımdır.

Milan Konservatoriyasının professoru Davide Qualtieri Azərbaycanın mədəniyyətindən və incəsənətindən, kitabın mədəni əlaqələrimizə töhfə verəcəyindən danışıb. D. Qualtieri bildirib ki, italiyalı ədəbiyyatsevərlər Rəşad Məcidin timsalında Azərbaycan ədəbiyyatına səyahət etmək imkanı əldə ediblər.

Xalq yazıçısı Anar tədbirin əhəmiyyətini vurğulayaraq təşkilatçılara minnətdarlığını bildirib. O, qeyd edib ki, Rəşad Məcidin şeirlər kitabının İtaliyada işıq üzü görməsi ölkələrimizin ədəbi əlaqələrinə müsbət təsir göstərəcək.

Sonda tədbirin keçirilməsində yaxından iştirak edənlərə AYB tərəfindən təşəkkürnamə, Mədəniyyət və Turizm Nazirliyi adından xatirə hədiyyələri təqdim olunub.

Qeyd edək ki, Mais Nuriyevin sətri tərcüməsi əsasında D.Qualtieri tərəfindən italyan dilinə çevrilmiş kitabda şeirlərin mövzusuna uyğun olaraq tanınmış Azərbaycan rəssamlarının əsərləri də yer alıb. “Treditre” nəşriyyat evində çapdan çıxan kitab D.Qualtierinin Rəşad Məcidə həsr etdiyi “Körpü salırıq” şeiri ilə açılır, daha sonra müəllif haqda geniş məlumat və D.Qualtierinin şeirlər haqqında essesi verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR