ABŞ Dövlət Departamenti: Korrupsiya və hakimiyyətin qeyri-şəffaflığı Ermənistanın əsas problemləridir

ABŞ Dövlət Departamenti: Korrupsiya və hakimiyyətin qeyri-şəffaflığı Ermənistanın əsas problemləridir
# 26 iyun 2015 00:32 (UTC +04:00)

APA-nın “NEWS.am”a istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamentinin dünyada insan haqlarının qorunmasının vəziyyətinə dair illik hesabatında qeyd olunub.

“Ermənistana gəlincə, sistemli korrupsiya və hökumət qurumlarında şəffaflığın mövcud olmaması, həmçinin məhkəmə hakimiyyətinin müstəqilliyinin və vətəndaşların hökuməti dəyişmək hüququnun məhdudlaşdırılması 2014-cü ildə insan haqları sahəsində əsas problemlərdən biri olub”, deyə hesabatda bildirilir.

Hesabatda qeyd olunur ki, hakimiyyətin bütün səviyyələrinin korrupsiyada ittiham olunması qanunun aliliyini sarsıdıb. “Hökumətdə şəffaflığın olmaması ictimaiyyətə vəzifəli şəxsləri yol verdikləri əməllərinə görə tam şəkildə məsuliyyətə cəlb etməyə imkan vermir. İcra hakimiyyəti məhkəmələrə siyasi təzyiqlər göstərməkdə davam edir, məhz bu səbəbdən məhkəmə tərəfdən siyasi təqiblər və ədalətsiz hökmlərin verilməsi halları müşahidə olunur”, deyə hesabat müəllifləri qeyd edib.

Hesabatda həmçinin Ermənistan ordusunda sui-istifadə və müəmmalı ölüm, “dedovşina” və çağırışçılarla kobud və qəddar münasibət hallarının olması vurğulanıb. Hesabat müəllifləri təqsirli şəxslərin məsuliyyətə cəlb olunmaması hallarını xüsusi qeyd edir.

“Polis etiraf izahatları almaq məqsədilə dindirilmə zamanı saxlanılan şəxslərə işgəncələr verməkdə davam edir. Məhkumlarla həddindən çox dolu olan həbsxanaların əksəriyyətində antisanitariya şəraiti hökm sürür. Hakimiyyət əsaslandırılmış şübhələr olmadan vətəndaşları saxlamaqda davam edir”, deyə hesabatda vurğulanır.

ABŞ Dövlət Departamenti hesab edir ki, Ermənistan mətbuatında siyasi fikirlərin müxtəlifliyinə və obyektivliyinə rast gəlinmir. Həmçinin vətəndaşların etirazlarını işıqlandıran jurnalistlərin zorakılığa məruz qalması hallarına rast gəlindiyi qeyd edilir.

Hesabatda həmçinin sağlamlıq imkanları məhdud olan şəxslərin bütün sahələrində diskriminasiyaya məruz qalması qeyd olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR