Bank Of Baku

Məktəblərdə şagird insidentlərinin səbəbləri və həll yolları - ARAŞDIRMA

Məktəblərdə şagird insidentlərinin səbəbləri və həll yolları - ARAŞDIRMA
# 04 mart 2026 14:50 (UTC +04:00)

Son illər məktəblilər arasında insidentlərin, mübahisələrin sayı artan xətlə davam edir. Bəzi hallarda isə yeniyetmələr silaha əl atır. Hətta insident təkcə öz aralarında yox, müəllimləri ilə münasibətlərində də baş verir. Məsələn, fevralın 6-sı "İdrak" liseyində 10-ci sinif şagirdinin 29 yaşlı qadın riyaziyyat müəllimi Şəhla Kamilovanı ov tüfəngi ilə vurması cəmiyyətdə böyük rezonans doğurdu.

Uşağın psixoloji problemləri ilə yanaşı, onun ov tüfəngini əldə etməsi, məktəbə keçirə bilməsi, rahatlıqla istifadə etməsi də bir sıra suallar doğurmuşdu.

Şagirdlərin nizam-intizamına nəzarət mexanizmi

Məktəblərdə şagirdlərin nizam-intizamına, psixoloji durumuna nəzarət mexanizmi necə tənzimlənir? Şagirdlər məktəbə daxil olarkən onların çantaları, yaxud müxtəlif vaxtlarda psixoloji vəziyyətləri yoxlanılırmı? Bu cür insidentlər baş verəndə problemin həlli üçün hansı addımlar atılır və bu problemlərin qarşısının alınması üçün hansı tədbirlər həyata keçirilir?

MÜTDA: Şagirdlərin sağlamlığının qorunması və psixoloji inkişafının dəstəklənməsi Agentliyin prioritet istiqamətlərindəndir

Məktəbəqədər Ümumi Təhsil üzrə Dövlət Agentliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, ümumi təhsil müəssisələrində təlim-tədris prosesinin təşkili ilə yanaşı, şagirdlərin sağlamlığının qorunması və psixoloji inkişafının dəstəklənməsi Agentliyin prioritet istiqamətlərindəndir: “Bu məsələlərə xüsusi həssaslıqla yanaşır və onları daim diqqət mərkəzində saxlayırıq. “Təhsilalanların intizam qaydaları” ümumi təhsil müəssisələrində şagird davranışının əsas istiqamətlərini müəyyən edir. Bu qaydalar məktəblilərin fiziki təhlükəsizliyinin təmin olunması, psixoloji sağlamlığının qorunması, dərslərə davamiyyətinin izlənməsi, məktəbdaxili münasibətlərin tənzimlənməsi və əlverişli öyrənmə mühitinin formalaşdırılması ilə bağlı tələbləri, həmçinin onların pozulması hallarında tətbiq ediləcək prosedurları ehtiva edir”.

Bildirilib ki, şagirdlərin psixoloji sağlamlığı istiqamətində məktəb psixoloqları tərəfindən fərdi və qrup görüşləri təşkil olunur, onların emosional vəziyyəti, sosial uyğunlaşması və davranış xüsusiyyətləri mütəmadi izlənir, zərurət yarandıqda müvafiq dəstək tədbirləri həyata keçirilir: “Bu məqsədlə “Məktəblinin dostu” layihəsi çərçivəsində də işlər aparılır. Layihənin tətbiq edildiyi məktəblərdə şagirdlərə dərs prosesi və tənəffüs zamanı müəllimlər və layihə iştirakçıları tərəfindən nəzarət edilir. Prosesin effektiv icrası üçün valideynlərin təhsil müəssisələri ilə əməkdaşlığı xüsusi əhəmiyyət daşıyır. Bu əməkdaşlıq şagird şəxsiyyətinin formalaşmasına töhfə verir və valideynlərin pedaqoji prosesin fəal iştirakçısına çevrilməsini, uşağın təlim-tərbiyə prosesinə məsuliyyətli yanaşmasına dəstək göstərilməsini təmin edir”.

Məktəblərdə mütəmadi monitorinqlər aparılır

Eyni zamanda bildirilib ki, ümumi təhsil müəssisələrində təlim-tərbiyə işinin düzgün təşkili, daxili nizam-intizam qaydalarına əməl olunmasına nəzarətin gücləndirilməsi və təhlükəsizlik tədbirlərinin artırılması məqsədilə mütəmadi monitorinqlər aparılır: “Bu monitorinqlər çərçivəsində şagirdlərin intizam qaydalarına riayət vəziyyəti müşahidə olunur, məktəbə gətirilməsi qadağan edilmiş əşya və ləvazimatlar barədə maarifləndirmə işi həyata keçirilir. Şagird çantalarında tədris prosesinə uyğun olmayan əşyalar aşkar edildiyi halda, həmin əşyalar məktəb rəhbərliyi tərəfindən götürülür.

Qeyd edirik ki, ümumi təhsil müəssisələrində sağlam emosional mühitin və təhlükəsizliyin təmin edilməsi məqsədilə Agentlik tərəfindən aidiyyəti qurumlarla birgə tədbirlər planına uyğun davamlı maarifləndirici görüşlər keçirilir. Şagird intizam qaydaları ilə bağlı aylıq hesabatlar toplanır, təhlil edilir və nəticələrə əsasən müvafiq tədbirlər görülür”.

Sual yaranır: əgər nəzarət qeyd edilən kimidirsə, baş verən hadisələrin səbəbi nədir?

Şagirdlərin törətdiyi insidentlərə həm dövlət, həm də özəl məktəblərdə rast gəlinir. Məktəblilər arasında aqressiyanın səbəbi nədir? Məktəblərdə şagirdlərin nizam-intizamına, psixoloji durumuna nəzarət mexanizmi necə tənzimlənməlidir? Son 10 il ilə müqayisədə Azərbaycanda bugünkü məktəblərin və məktəblilərin vəziyyəti arasında hansı fərqlər var? Bu problemlərin qarşısının alınması üçün hansı tədbirlər həyata keçirilməlidir? Bundan əlavə, beynəlxalq təcrübədə məktəblərdə nəzarət mexanizmi necə tənzimlənilir? Azərbaycanın təhsil sahəsində hansı beynəlxalq təcrübələrdən yararlanmağa ehtiyac var?

Millət vəkili: “Sosial media uşaqların düşüncəsinə ciddi təsir göstərir”

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov bildirir ki, Avropa ölkələrində, qonşu Türkiyədə, Rusiyada və başqa ölkələrdə bu məsələ ilə bağlı ciddi müzakirələr aparılır:

“İnternet, sosial media uşaqların tərbiyəsinə, düşüncəsinə ciddi təsir edir. Son hadisələr də bizə göstərdi ki, bu, ciddi problemdir. Uşaqlar internetdən sərbəst şəkildə istifadə edirlər. Valideynlər övladlarına bəzən vaxt ayırmırlar. Artıq nəinki uşaqlar, hətta böyüklər də sosial mediadan, telefondan asılı vəziyyətə düşüblər. Bu, uşaqların təlim-tərbiyəsində, yanaşmasında özünü göstərir. Bəzi valideynlər məsələyə önəm vermirlər. Bu da uşaqların diqqətdənkənar qalmasına səbəb olur. Ona görə də bu gün ciddi problemlər müşahidə edilir. Xüsusilə bir sıra internet oyunları var ki, onlardan ölkədə sərbəst istifadənin qarşısının alınması barədə düşünməliyik. Təəssüf ki, bu gün istənilən yeniyetmənin bu oyunlara sərbəst çıxış imkanı var. Bu imkanların məhdudlaşdırılmasına ciddi ehtiyac var.

Onu da qeyd edim ki, dünyanın bir sıra ölkələrində 16 yaşa qədər uşaqlara internetdən sərbəst istifadəyə dair məhdudiyyətlərin tətbiqi barədə müzakirələr aparılır, qərarlar qəbul edilir. Artıq bir sıra Avropa ölkələri, o cümlədən İtaliya və İspaniyada bu barədə qərar və qanunların qəbul olunmasına başlanılıb”.

Məktəblərdə mühafizəni yaşlı, təcrübəsiz insanlar həyata keçirməməlidir

Deputatın sözlərinə görə, məktəblərdə təhlükəsizlik məsələsi də çox ciddidir: “Bunun üçün bir neçə istiqamətdə iş aparmalıyıq. Birincisi məktəblərdə təhlükəsizlik tədbirlərini gücləndirməliyik. Bu baxımdan konsepsiya, normativ hüquqi sənəd olmalıdır. Məktəblərdə mühafizəni hansısa yaşlı, təcrübəsiz insanlar həyata keçirməməlidir. Dövlət qurumları, dövlət strukturları həyata keçirməlidir və bu məsələyə ciddi nəzarət olmalıdır. Biz bu istiqamətdə ciddi addım atmasaq, gələcəkdə bizi çox ağır və mürəkkəb bir dövr gözləyir. İkinci məsələ məktəblərdə psixoloqların fəaliyyətidir. Məktəblərdə psixoloqların sayı birmənalı olaraq artırılmalı və psixoloqlar məktəblilərlə daha sıx işləməlidirlər”.

Məktəblər yanlız təhsilverən müəssisə deyil

Deputat hesab edir ki, məktəblər yalnız təhsilverən müəssisə deyil: “Həm də tərbiyə verən müəssisədir. Biz düşünməməliyik ki, məktəbin missiyası yalnız təhsil verməkdir. Məktəblərə müəllim, direktor seçimində bir neçə vacib məqam nəzərə alınmalıdır. Seçim zamanı direktorun yalnız biliyi yox, onun keçdiyi yol, tərbiyəsi, əxlaqı və idarəçilik təcrübəsi mütləq nəzərə alınmalıdır. Bundan əlavə, davamlı olaraq tədqiqat, maarifləndirmə işləri aparmalıyıq ki, cəmiyyəti qoruya bilək. Bu məsələlərə həssas yanaşmasaq, gələcəkdə bizi çox çətin bir mərhələ gözləyir”.

Mövzu ilə bağlı APA-ya danışan elm və təhsil məsələləri üzrə ekspert Elçin Əfəndinin sözlərinə görə, şagirdlərin istər müəllimlərə qarşı, istərsə də öz sinif yoldaşlarına qarşı, yaxud ümumiyyətlə ailədaxili və ailədənkənar yanaşmalarında müəyyən çatışmazlıqlar müşahidə olunur: “Bunun da bu şəkildə formalaşmasının birbaşa səbəbi yeni dövr texnoloji alətlərin daha da inkişaf etməsi, sosial tətbiqlərin olmasıdır. Həmçinin şagirdlərin virtual oyunlarda verilən tapşırıqları icra etmələri indiki fəsadların yaşanmasına gətirib çıxarır. 10 il bundan öncə də belə hallara az da olsa rast gəlinirdi. Amma bu qədər yayılmırdı. İndi isə hansısa ucqar yerdə belə baş verən neqativ hallar dərhal ictimailəşdirilir. Bu da yeni dövrün yaratdığı zərurətdir”.

Bu məsələdə dünya təcrübəsindən yararlanmalıyıq

Ekspertin fikrincə, həm ailələr, həm də təhsil müəssisələri uşağa daha diqqətli yanaşmalıdır: “Bilik və bacarıqlarla yanaşı, təlim-tərbiyə məsələsi də diqqətə alınmalıdır. Şagirdlər məktəbə gələrkən müvafiq olaraq onların çantaları xüsusi cihazlarla yoxlanılmalıdır. Şagirdlərin geyim tərzini, davranışlarını diqqətə almalıyıq. Hər hansı neqativ hal varsa, onları psixoloji dəstəyə sövq etməliyik. Dünya təcrübəsində də bu belədir. Biz də dünya təcrübəsindən yararlanaraq ölkədə bunu tətbiq edə bilərik. Məsələn, ABŞ-da şagirdin davranışında müəllim problem müşahidə edirsə, bununla bağlı qərar vermək hüququ var. Bu hal şagirdin davranışında valideyn tərəfindən yaranıbsa və ya hər hansı kənar şəxs tərəfindəndirsə, müəllim birbaşa hüquq-mühafizə orqanlarına məlumat verə bilir. Yaxud şagirdin həmin təhsil müəssisəsindən çıxarılması, başqa istiqamətdə yönləndirilməsi, yaxud da valideyn zorakılığı müşahidə olunursa, şagird hansısa bir şəxs və ya şəxslər tərəfindən bullinq və ya mobbinqə məruz qalırsa, bununla bağlı müəllim qərarverici şəxs olur. Zamanla bu cür dünya təcrübələrini ölkəmizdə tətbiq etmək belə neqativ halların qarşısının alınmasına səbəb ola bilər”.

Uzman psixoloq və psixoterapevt Nərmin Osmanlının sözlərinə görə, ailədə emosional təhlükəsizliyin zəif olması, məktəbdə bullinq və sosial təcrid, rəqəmsal mühitdə nəzarətsiz məzmun və dəstək sistemlərinin yetərsizliyi risk faktorlarını artıran mühit yarada bilər: “Bu boşluqların əsas səbəbləri arasında ailələrin, pedaqoji heyətin psixi sağlamlıq sahəsində maariflənmə səviyyəsinin yetərincə olmaması, erkən xəbərdarlıq siqnallarının vaxtında tanınmaması, ailə-məktəb əməkdaşlığının zəifliyi xüsusi yer tutur. Nəticədə davranış və emosional dəyişikliklər çox vaxt “intizam problemi” kimi şərh olunur, sistemli dəstək gecikir. Azərbaycan kontekstində aparılan araşdırmalar göstərir ki, uşaqlar arasında emosional və davranış çətinlikləri müəyyən səviyyədə mövcuddur. Postmünaqişə stressi, ailədaxili gərginlik, sosial faktorlar, məktəb mühitində bullinq halları və psixoloji xidmətlərin sistemli işləməməsi bu yükü artıran amillərdir”.

Yeniyetmələr arasında təşviş, depressiv simptomlar artıb

Psixoloq bildirib ki, beynəlxalq tədqiqatlara əsasən, son illərdə yeniyetmələr arasında təşviş, depressiv simptomlar və emosional tənzimləmə çətinliklərində artım tendensiyası nümayiş etdirir: “Ümumdünya Səhiyyə Təşkilatının 2025-ci ilə olan məlumatına görə, 10-19 yaşlı hər 7 yeniyetmədən biri psixi sağlamlıq problemi ilə yaşayır. Bu, artıq qlobal ictimai sağlamlıq məsələsi kimi qiymətləndirilir. Lakin burada vacib məqam ondan ibarətdir ki, biz yalnız real artımı deyil, həm də problemlərin daha çox görünməsini müşahidə edirik. Bu gün psixoloji çətinliklər daha tez qeydə alınır və ictimailəşir. Əvvəllər “intizam problemi” kimi qiymətləndirilən hallar indi daha çox psixoloji kontekstdə izah olunur. Artımın mümkün səbəbləri arasında rəqəmsal mühitin həyatın mərkəzinə keçməsi, sosial müqayisə və görünmə təzyiqi, akademik və sosial rəqabətin intensivləşməsi, ailə münasibətlərində və uşaq yetişdirmə üslubunda dəyişikliklər, uzunmüddətli sosial və kollektiv stress və s. yer alır. Bu faktorlar birlikdə uşaqların emosional tənzimləmə resurslarına əlavə yük yaradır”.

Nərmin Osmanlının sözlərinə görə, araşdırmalar göstərir ki, zorakı məzmunlu oyunlara və aqressiv rəqəmsal materiallara davamlı məruz qalmaq uşaqlarda aqressiv davranışlara səbəb olur: “Lakin bu təsir adətən kiçik və ya orta səviyyədədir, birbaşa səbəb kimi təqdim edilmir. Bununla yanaşı, rəqəmsal platformalar və oyunlar çox vaxt sürətli və tez-tez mükafatlandırma prinsipi ilə qurulur. Bu, uşağın beynində “tez nəticə-tez mükafat” modelini gücləndirə bilər. Nəticədə səbir, gecikmiş mükafatı gözləmə və emosiyanı idarəetmə bacarıqları zəifləyə bilər. Bu, xüsusilə artıq impulsivlik və emosional tənzimləmə çətinliyi olan uşaqlarda daha çox müşahidə oluna bilər. Sosial medianın təsiri əsasən kiberbullinq və onlayn təzyiq, aqressiv ünsiyyətin normallaşması, sosial müqayisə və özünə dəyərin zəifləməsi, yuxu rejiminin pozulması mexanizmləri ilə özünü göstərir. Əsas məqam budur ki, rəqəmsal mühit risk faktorlarından biridir, lakin əsas səbəb deyil. Zorakı davranış adətən biopsixososial amillərin – fərdi xüsusiyyətlər, ailə mühiti, məktəb iqlimi və sosial kontekstin birgə təsiri nəticəsində formalaşır”.

Müəllim şagirdin davranış və əhval dəyişikliklərini vaxtında valideynə bildirməlidir

Psixoloq hesab edir ki, problemin həlli istiqamətində bir sıra addımlar atıla bilər: “Burada əsas prinsip erkən müdaxilə və sistemli yanaşmadır. Məktəbdə təhlükəsizlik yalnız intizamla deyil, önləyici mexanizmlərlə təmin olunmalıdır. Valideyn və məktəb ayrı-ayrı yox, eyni komanda kimi işləməlidir. Uşağın emosional rifahı ortaq məsuliyyətdir. Valideyn görüşləri yalnız qiymətlərə deyil, uşağın emosional vəziyyətinə də fokuslanmalıdır. Müəllim şagirdin davranış və əhval dəyişikliklərini vaxtında valideynə bildirməlidir. Valideyn məktəbdən gələn siqnalları müdafiə mövqeyi ilə deyil, əməkdaşlıq mövqeyi ilə qarşılamalıdır. Erkən mərhələdə qurulan dialoq sonradan böyüyə biləcək problemlərin qarşısını ala bilər.

Müəllimlərə risk əlamətlərini tanımaq üzrə qısa praktik təlimlər verilə bilər

Məktəblərdə müntəzəm psixoloji sorğular və sistemli müşahidə mexanizmi qurula bilər. Müəllimlərə risk əlamətlərini tanımaq üzrə qısa praktik təlimlər verilə bilər. Məktəbdə hər insident zamanı hansı addımların atılacağı əvvəlcədən müəyyən olunmalıdır. Bu, emosional qərarların qarşısını alır və sistemi sabit saxlayır. Araşdırmalar göstərir ki, uşaqlara bəzi bacarıqların öyrədilməsi zorakı davranış riskini azaldır. Buraya emosiyanı tanımaq və adlandırmaq, qəzəbi idarə etmək, münaqişənin effektiv həlli yolları, empatiya və ünsiyyət bacarıqları, psixoloji xidmətlərin gücləndirilməsi, məktəbdə psixoloji xidmət sistemli preventiv və müdaxiləyönümlü model əsasında fəaliyyət göstərməlidir. Erkən aşkarlama və koordinasiya mexanizmlərinin zəifliyi risk faktorlarının vaxtında müəyyən edilməsini çətinləşdirir və bu, insident ehtimalını artırır. Bu baxımdan məktəb psixoloji xidməti reaktiv deyil, proaktiv çərçivədə qurulmalıdır”, - psixoloq bildirib.

Məktəb psixoloqunun funksiyası yalnız fərdi konsultasiya ilə məhdudlaşmamalıdır

Nərmin Osmanlı hesab edir ki, məktəb psixoloqunun funksiyası yalnız fərdi konsultasiya ilə məhdudlaşmamalıdır: “Risk qrupunda olan şagirdlərin davamlı monitorinqi və dinamik qiymətləndirilməsi, sosial-emosional bacarıqların inkişafına yönəlmiş qrup proqramlarının təşkili, müəllimlər üçün davranışın erkən siqnallarının tanınması üzrə metodik dəstək, ailə ilə koordinasiyalı fəaliyyət və ehtiyac olduqda xarici xidmətlərə yönləndirmə, məktəbdaxili insidentlər üzrə strukturlaşdırılmış qiymətləndirmə və fərdi dəstək planlarının hazırlanması və s. istiqamətlər üzrə məktəb psixoloqu fəaliyyət göstərməlidir”.

Məktəbdə emosional təhlükəsizlik akademik nəticə qədər prioritet olmalıdır

Psixoloq əlavə edib ki, məktəbdə “nəzarət mexanizmi” anlayışı cəza və ya inzibati tədbirlərlə məhdudlaşmamalıdır: “Bu baxımdan, məktəblərdə insident baş verdikdə hansı addımların atılacağı əvvəlcədən müəyyən olunmalıdır. Həmçinin risk siqnalları ilk mərhələdə müəyyən edilərək psixoloji xidmətə yönləndirilməlidir. İnsidentlər fərdi hadisə kimi deyil, ümumi tendensiya kimi izlənməlidir. Məktəbdə emosional vəziyyət və risk göstəriciləri dövri olaraq qiymətləndirilməlidir. Bu model ailə-məktəb əməkdaşlığı, erkən skrininq və gücləndirilmiş psixoloji xidmətlərlə birlikdə işlədikdə effektiv olur. Əks halda, nəzarət reaktiv xarakter daşıyır və yalnız hadisədən sonra müdaxilə ilə məhdudlaşır.

Nəticə olaraq, məktəbdə emosional təhlükəsizlik akademik nəticə qədər prioritet olmalıdır. Təhlükəsiz və dəstəkləyici mühit olmadan davamlı akademik uğur mümkün deyil”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR