Tiiflisdə 9 aprel və 20 Yanvar faciələrinin qurbanları anılıb

Tiiflisdə 9 aprel və 20 Yanvar faciələrinin qurbanları anılıb
# 10 aprel 2016 01:50 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə-APA. Aprelin 9-da Gürcüstan Müsəlmanları İdarəsinin və azərbaycanlı tələbələrin təsis etdiyi Azad Tədqiqat İnstitutunun təşkilatçılığı ilə Tiflisdəki “Alul-beyt” din və mədəni maarif mərkəzində 9 Aprel və 20 Yanvar faciələrinin qurbanları anılıb.

Anım tədbirində din, ictimaiyyət xadimləri, azərbaycanlı və gürcü tələbələrin, jurnalistlərin iştirakı ilə keçirilən tədbirdə Qurani Kərimin tilavətindən sonra həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) şeyxi Hacı Ramin İgidov, GMİ-nin Şərqi Gürcüstan üzrə müftisi Hacı Yasin Əliyev, Gürcüstan Azərbaycanlı Ağsaqqallar cəmiyyətinin sədri, keçmiş parlament deputatı İsak Novruzov və gürcü və azərbaycanlı tələbələr 9 aprel və 20 Yanvar faciələrinin mübarizələr meydanında faciə qurbanlarının qəhrəmanlığının yaddaşlara qanla yazıldığını bildiriblər.

Çıxışçılar Gürcüstan və Azərbaycana müstəqillik və azadlıq bəxş edən 9 aprel və 20 yanvar faciə qurbanlarının mübarizəsinin qürurverici və fədakarlıq məktəbi, müstəqillik və azadlığına doğru atılan müqəddəs bir addım olduğu barədə fikirlərini bildiriblər.

GMİ-nin şeyxi Hacı Ramin İgidov çıxışında Gürcüstan və Azərbaycanın torpaqlarının 20 faizinin işğal olunduğunu bildirib. O, 9 aprel və 20 Yanvar faciələrində həlak olan şəhidlərin azadlıq, suverenlik və müstəqillik uğrunda mübarizə apararaq qurban getdiklərini bildirib.

Tədbirdə çıxış edənlər son vaxtlar Dağlıq Qarabağda baş verən hadisələrdə şəhid olan əsgər və zabitlərimizə rəhmət diləyiblər.

Tədbirdə çıxış edən gürcü jurnalisti İrma Mesxia keçən il Azərbaycanda olduğunu və Quba məzarlığına baş çəkdiyini, Azərbaycanın illər öncə daha bir faciə yaşadığını bildirib. O, Gürcüstanın Azərbaycan ilə heç bir problem olmadığını, amma faciələrinin oxşar olduğunu bildirib.

Tədbirdə regional münaqişələrin sülh yolu ilə həll olunması haqqında fikirlər səsləndirilib.

Tədbirdə çıxış edən Gürcüstan ali məktəblərində təhsil alan azərbaycanlı və gürcü tələbələri hər iki faciənin səbəblərindən və Sovet ordusunun azadlığı boğmaq əməllərindən və vəhşiliyindən söhbət açıblar.

Xatırladaq ki, aprelin 9-da aprel faciəsinin 27-ci ildönümü tamam olub. 1989-cu il aprelin 9-da Sovet Ordusunun xüsusi təyinatlı qüvvələri tərəfindən gecə saat 04:00-da Gürcüstan parlamenti qarşısında aksiya iştirakçılarına güc tətbiq olunub, zəhərli qazdan və güllələrdən istifadə edilib. Nəticədə 16 qadın həlak olub, sonradan daha 5 nəfər yaralı xəstəxanada vəfat edib. Hadisə zamanı ümumilikdə 21 nəfər faciə qurbanı olub, onlarla insan yaralanıb. Həlak olanların içərisində hamilə qadınlar və yuxarı sinif şagirdləri də olub.

Faciədən 2 il keçəndən sonra 1991-ci il martın 31-də keçirilən referendum əsasında Gürcüstanda dövlət müstəqilliyini elan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR