Baş nazirin müavini: “Azərbaycan qaçqın və məcburi köçkünlərlə bağlı problemlərin öhdəsindən gəlir”

Baş nazirin müavini: “Azərbaycan qaçqın və məcburi köçkünlərlə bağlı problemlərin öhdəsindən gəlir”
# 16 dekabr 2015 13:20 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Baş nazirin müavini Əli Həsənov Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Cenevrədə yerləşən mənzil-qərargahında təşkilatın baş direktoru Uilyam Leysi Svinqlə görüşüb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən APA-ya verilən xəbərə görə, görüşdə Ə. Həsənov ölkəmizin miqrasiya sahəsinə xüsusi diqqət yetirdiyini vurğulayıb.

O, Azərbaycanın üzləşdiyi qaçqın problemi, BMT və digər təşkilatların müvafiq qətnamələrinin hələ də icra olunmaması, Azərbaycan torpaqlarının işğalı məsələsini diqqətə çatdırıb. Baş nazirin müavini qeyd edib ki, bu gün 550 milyon nəfər əhalisi olan Avropa ölkələri 600-700 min qaçqın problemi qarşısında aciz qalıb: “Lakin 9,6 milyon nəfər əhalisi olan Azərbaycan ölkə rəhbərliyinin düzgün və humanist siyasəti nəticəsində onilliklərdən bəri 1,2 milyon qaçqın və məcburi köçkünlərlə bağlı problemlərin öhdəsindən gəlir”.

Ə. Həsənov BMqT-nin Bakıdakı ofisinin fəaliyyətini yüksək qiymətləndirib.

Baş nazirin müavini Azərbaycanın sürətli inkişafı səbəbindən ölkəmizin miqrantlar üçün təyinat ölkəsinə çevrildiyini və miqrant axınının getdikcə artmasına baxmayaraq, hazırda ölkəmiz tərəfindən bu proseslərin lazımınca tənzimləndiyini bildirib. Qeyd edib ki, bununla yanaşı, gələcəkdə miqrant axınının güclənmə ehtimalını nəzərə alaraq, BMqT ilə əməkdaşlığı inkişaf etdirməyə ehtiyac duyulur.

Uilyam Leysi ümidvar olduğunu bildirib ki, ölkəmizə səfəri beynəlxalq qurumla Azərbaycan arasında əməkdaşlığın inkişafına yeni töhfələr verəcək. O, Azərbaycanın bir çox ölkələrin əldə edə bilmədiyi uğura imza ataraq miqrasiya sahəsində vahid sistem yaratmağa nail olduğunu və bununla da ölkəmizin bir sıra dövlətlərə nümunə olduğunu qeyd edib.

Baş direktor, həmçinin BMqT və ölkəmizin müvafiq dövlət qurumları arasında əməkdaşlığın əhəmiyyətini vurğulayaraq, bu xüsusda təşkilat ilə Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) arasında əməkdaşlıq həyata keçirilməsini təklif edib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR