Nazir: "Biz demirik ki, bütün Avropanın qaz problemini həll edəcəyik" - MÜSAHİBƏ

Nazir: "Biz demirik ki, bütün Avropanın qaz problemini həll edəcəyik" - <span style="color: red;">MÜSAHİBƏ
# 09 sentyabr 2016 15:13 (UTC +04:00)

Bakı. İlkin Əhmədov - APA-Economics. Energetika naziri Natiq Əliyevin "APA-Economics"ə müsahibəsi:

- "Cənub Qaz Dəhlizi"nin reallaşdırılmasından başlayaq. İş elə gətirdi ki, layihənin reallaşdırılmasının ən qızğın dövrü ucuz neft erasına təsadüf etdi. Həm ölkə başçısı, həm siz, həm də digər rəsmi şəxslər dəfələrlə bildirib ki, layihələrin reallaşdırılmasında gecikmə yoxdur, əksinə, qrafiki qabaqlayırıq. "Cənub Qaz Dəhlizi"nin bəzi komponentlərinin, məsələn, TANAP, TAP və s. layihələrin səhmdarlarında hər hansı bir narahatlıq varmı?

- Birincisi, onu qeyd edim ki, "Cənub Qaz Dəhlizi" layihəsi miqyasına görə yalnız Azərbaycan üçün deyil, region, o cümlədən Avropa ölkələri üçün olduqca əhəmiyyətlidir. Buna görə, necə deyərlər, hamının gözü Azərbaycandadır. Ümumilikdə, Cənub Qaz Dəhlizi"nin reallaşdırılması prosesi nəzarətimiz altındadır. Layihənin miqyasını və əhəmiyyətini anlayaraq ölkə başçısı İlham Əliyev tərəfindən Məşvərət Şurası yaradıldı. Mən hesab edirəm ki, bu mexanizm özünü doğrultdu. Ona görə ki, "Cənub Qaz Dəhlizi"nə daxil olan ölkələrin nazirləri bir-biri ilə sıx təmasdadır, daim kontaktdadır. Bu, bizə imkan verir ki, yaranan hər hansı problemləri ilkin mərhələdə aşkarlayaq və onları həll edək.

Bilirsiniz ki, Türkiyədə məlum hadisələr baş verdi. Lakin mən düşünmürəm ki, bu hadisələrin "Cənub Qaz Dəhlizi" layihəsinin reallaşmasına təsiri olacaq. Türkiyə TANAP-ı öz doğma layihəsi kimi qəbul edir.

Bundan başqa, TAP layihəsinin təməlqoyma mərasimində Yunanıstanın baş naziri Aleksis Tsipras çıxış etdi və bütün dünyaya elan etdi ki, Yunanıstan hökuməti bu layihəni dəstəkləyir, onun vaxtında reallaşdırılması üçün əllərindən gələni edəcəklər.

Bununla yanaşı, İtaliya hökuməti də analoji çıxışlar edib. Düzdür, İtaliyada bəzi çətinliklər var. Baxmayaraq ki, federal hökumət TAP-ı tam dəstəkləyir, lokal narazılıqlar var. Onlar iddia edir ki, guya TAP kəmərinin tikintisi ekologiyaya zərər vuracaq. Lakin mən Azərbaycan-İtaliya Hökumətlərarası Komissiyasının iclası çərçivəsində bu məsələni qaldırdım. Xarici işlər, o cümlədən energetika nazirləri ilə bu məsələni müzakirə etdik və onlar bizi əmin etdilər ki, bu məsələdə böyük çətinlik yoxdur, payız aylarında da lazımi tədbirlər görüləcək. Onu da qeyd edim ki, bu proseslər layihənin ümumi reallaşma qrafikinə təsir etmir.

Bu gün bizim əsas vəzifəmiz odur ki, "Şahdəniz-2" layihəsinin mənimsənilməsi ilə bağlı işlər tam şəkildə, 100% səviyyəsində təmin olunsun. Birincisi, bu bizə imkan verəcək ki, Avropaya təbii qazımızı istədiyimiz həcmdə çatdıraq. İkincisi, biz öz öhdəliklərimizi tam şəkildə yerinə yetirmək imkanı əldə edəcəyik. Əks halda, bildiyiniz kimi, imzalanan müqavilələrin şərtlərinə əsasən öhdəlikləri yerinə yetirməyən tərəf kimi, biz cərimələr ödəməli olacağıq. Bunun üçün bu işlərin vaxtlı-vaxtında yerinə yetirilməsi olduqca vacibdir. Təbii qazımızın ixrac həcminin artması bizim üçün olduqca əhəmiyyətlidir. Başqa tərəfdən, biz özümüzü sığortalayırıq - öhdəliyimizi yerinə yetirərək cərimələnməyəcəyik, əksinə, alıcı qazın qəbuluna hazır olmadığı təqdirdə biz onlara qarşı müvafiq iddia qaldıra bilərik.

Qayıdıram TAP layihəsinə. Baxmayaraq ki, hökumət bəyan edir ki, biz bu layihəni dəstəkləyirik, orada bəzi qeyri-müəyyənliklər var. Lakin bu qeyri-müəyyənlik onların əleyhinə işləyəcək. Bayaq qeyd etdiyim kimi, onların imzalanan hökumətlərarası sazişlərə görə öhdəlikləri var. Başqa tərəfdən, onlar qaz almayacaq! Bizim yanımızda Türkiyə boyda dövlət var və biz öhdəliyimizi yerinə yetirəcəyik. Bildiyiniz kimi, biz onlara 2018-ci ilin sonunadək 6 milyard, 2020-ci ilədək isə əlavə olaraq 10 milyard kubmetr qaz nəql etməliyik. Bizdən çox bu layihə onlara lazımdır.

"Biz demirik ki, bütün Avropanın qaz problemini həll edəcəyik"

- Cənab nazir, maraqlı vəziyyət yaranıb - Avropa İttifaqı və Avropa Komissiyası enerji mənbələrinin diversifikasiyası üzərində baş sındırdığı vaxtda, İttifaqın üzvü olan bəzi ölkələr həmin qazı satan ölkəyə, yəni Azərbaycana qarşı qeyri-adekvat addımlar atır. Sizcə, bu nədən irəli gəlir?

- Bunun bir cavabı var - böyük siyasət. Avropa İttifaqı təxminən 2008-ci ildən başlayaraq bu cür problemlərlə üzləşdi. Götürək Ukrayna münaqişəsini. Bunu bəziləri "qaz müharibəsi" adlandırdı, bəziləri iqtisadi-siyasi səbəblər göstərdi. O vaxtlar bizim bu mövzuda Günter Ottingerlə, ardınca Maroş Şevçoviçlə çoxsaylı müzakirələrimiz olub. Bəli, bu gün Avropanın enerji xəritəsi durmadan dəyişir. Bir neçə il bundan öncə Avropa İttifaqı bəyan etdi ki, Avropanın enerji tələbatı 500 milyard kubmetrdir, bir neçə ilə 800 milyard kubmetrədək artacaq. Bundan sonra onlar yeni qaz mənbələri üzərində düşünməyə başladılar. Həmin vaxt Avropanın bəzi ölkələri 80-90%, bəziləri isə hətta 100% Rusiya qazından asılı vəziyyətdə idi. O zaman bəziləri deyəndə ki, həmin 300 milyard kubmetri də Rusiyadan alsaq, buna kəskin etirazlar oldu, çünki Rusiyadan asılılıq daha da artacaqdı. Ukrayna-Rusiya münasibətləri göstərdi ki, Rusiya qaz asılılığından tarifləri artıraraq istifadə edə bilər. Avropa bundan sonra bir qədər ehtiyatlı davrandı və yeni mənbələr, başqa sözlə, Rusiya qazına alternativ axtarmağa başladı. Bir neçə variant var idi, lakin ən optimal variant kimi Xəzər dənizinin qazının üzərində dayandılar.

Bildiyiniz kimi, biz Avropaya ildə 16 milyard kubmetr qaz çatdırmalıyıq və etiraf edirik ki, bu rəqəm o qədər də böyük deyil. Biz demirik ki, bütün Avropanın qaz problemini həll edəcəyik. Bizim qazımız var və biz onu satırıq. Düzdür, biz maraqlıyıq ki, ixrac etdiyimiz məhsulun həcmi artsın. Bunun üçün potensialımız var. Biz "Şahdəniz-2" layihəsi çərçivəsində hasilatı artıra bilərik, üstəlik, bizim "Abşeron", "Ümid", "Babək" kimi iri yataqlarımız var. Onu da anlayırıq ki, hətta sadaladığım yataqları da üst-üstə gəlsək biz Avropanın qaz problemini həll etmirik. Olduqca vacibdir ki, bizim Avropaya nəql olunan qazın mənbəyinin diversifikasiyası məsələsində Avropa İttifaqı ilə fikirlərimiz üst-üstə düşür.

Siz qeyri-adekvat addımlar dedikdə, yəqin ki, DESFA ətrafında baş verənləri nəzərdə tutursunuz.

"Yunanıstan hökuməti özünə siyasi dividend qazanır"

- Tamamilə doğrudur... Çünki yanğın xırda qığılcımdan başlayır. Biz isə Avropada yalnız DESFA layihəsinin altına girməmişik.

- Avropa İttifaqının "Üçüncü enerji paketi"nin mahiyyəti ondan ibarətdir ki, monopolizmə yer olmasın. Bildiyiniz kimi, bu cür iddialar "Qazprom"a qarşı irəli sürüldü. Bunun nəticəsi olaraq, "Cənub axını" layihəsinin icrası dayandırıldı. Düzdür, kimsə deyə bilər ki, burada siyasi çalarlar var və s. Lakin Avropa İttifaqı bu yolu tutub və mübahisələr əsassız və mənasızdır. SOCAR DESFA-nın 66,7%-lik səhm paketini alanda oxşar iddialar bir qarşı da irəli sürüldü. Mən deməzdim ki, Avropa İttifaqı bu prosesdə çətinliklər yaradır. Onlar yalnız dedilər ki, biz bu prosedurun "Üçüncü enerji paketi"nin tələblərinə zidd olub-olmaması ilə bağlı araşdırma aparmalıyıq. Biz isə izah edirdik ki, SOCAR monopolist deyil. Çünki nəql olunan qazın 100%-lik sahibi də biz deyilik. Bilirsiniz ki, qaz bütün konsorsiuma məxsusdur. Digər tərəfdən, biz nəql sisteminin də 100%-lik sahibi deyilik. Çünki "Cənub Qaz Dəhlizi"nin və ona daxil olan layihələrin hərəsinin öz səhmdarı var. Başqa sözlə, SOCAR heç bir layihədə 100%-lik səhm paketinə sahib deyil. DESFA-da səhmlərin böyük hissəsinin sahibi SOCAR olsa da, o demək deyil ki, həm nəql, həm də distribusiya işlərinin 100%-ini biz həyata keçirəcəyik. Yunanıstanda hökumət dəyişəndən sonra yeni çətinlikləri ortaya çıxaran məhz yeni hökumətdir. Bildiyiniz kimi, hər bir müxalif partiya hakimiyyətə gəldikdən sonra ondan qabaq hakimiyyətdə olanların səhvini, yanlışlıqlarını axtarmağa başlayır. Başqa sözlə, siyasi dividend qazanmağa çalışırlar. Bu gün də bu tendensiya davam edir. Hələ ki, biz yaranmış vəziyyəti təhlil edirik. Amma bilirsiniz ki, hökumətin etdiyi müvafiq dəyişikliklərdən sonra DESFA-nın səhmləri 2 dəfə ucuzlaşıb. Artıq belə bir fikirlər səslənir ki, DESFA-nın özəlləşdirilməsi bizim nəyimizə lazımdır?

- Bəlkə, bu suala siz cavab verəsiniz?

- Biz dərindən təhlillər aparmalıyıq. DESFA-nın bu şəraitdə alınmasının dövlətimizə nə verəcəyini, SOCAR-a nə qədər faydalı olduğunu aydınlaşdırmalıyıq.

- Sualı konkretləşdirim: SOCAR DESFA-nın özəlləşdirilməsindən imtina edə bilərmi?

- İndiki şəraitdə bunu demək çətindir. Biz irəli sürülən şərtləri bir daha nəzərdən keçirməliyik. Bilirsiniz ki, Avropa İttifaqının tövsiyələrinə əsasən SOCAR DESFA-nın kapitalında iştirak payını 66%-dən 49%-ə endirir. 17%-lik səhm paketinin İtaliyanın "Snam" şirkətinə satılması ilə bağlı danışıqlar davam edir. Müxtəlif istiqamətlərdə təhlillər aparılmalı, düzgün qərar qəbul olunmalıdır. Mən hələ o zaman demişəm ki, DESFA-nın alınması bizim üçün hərtərəfli sərfəlidir. Ən azından ona görə ki, biz Avropa bazarında distributor olacağıq. Digər tərəfdən, biz təcrübə qazanırıq. Bundan başqa, biz Bolqarıstan-Yunanıstan interkonnektoru vasitəsilə öz qazımızı Bolqarıstana satmaq imkanı qazanırıq. Bir daha deyirəm ki, dərin, kompleks təhlillər aparılmalıdır. İstənilən halda, biz heç nə itirmirik.

- DESFA məsələsinə ətraflı toxundunuz, lakin bizim Yunanıstan bazarındakı maraqlarımız yalnız bu qaz operatorundan ibarət deyil. TAP layihəsi ilə bağlı Yunanıstan hökumətindən hər hansı qeyri-adekvat addım gözləmək olarmı?

- Bilirsiniz, bu, Yunanıstan hökumətinin daxili işidir. Vaxtilə Yunanıstan hökuməti DESFA-nın özəlləşdirilməsi ilə bağlı Azərbaycana təkid edirdi. İndiki yaranmış vəziyyətdə qəbahət görmürəm. TAP-a gəldikdə, Yunanıstan hökumətinin hökumətlərarası sazişlərlə tənzimlənən öhdəlikləri var. İnanmıram ki, onlar TAP-la bağlı fikrini dəyişsin. Bir şeyi də nəzərə alın ki, TAP layihəsində əsas qüvvə konsorsiumdur, səhmdarlardır. İndiki vəziyyətdə TAP layihəsi Yunanıstan hökumətinə daha çox lazımdır. Çünki bu layihə çərçivəsində ölkəyə iri investisiyalar daxil olacaq, yeni iş yerləri açılacaq və s. Həm də nəzərə alın ki, söhbət uzunmüddətli layihədən gedir. İstənilən ölkə arzulayır ki, TAP kimi layihələr onun ərazisindən keçsin.


"Bolqarıstana yalnız Azərbaycan qaz sata bilər"

- Yəqin ki, rezerv variant kimi başqa bazarlar da diqqətinizdədir?

- Ümumiyyətlə, biz son zamanlar diqqətimizi Balkan ölkələrinə yönəltmişik. Bilirsiniz ki, biz Albaniyanın qazlaşdırılması ilə bağlı bu ölkə ilə saziş imzaladıq. Bilirsiniz ki, Albaniyadan qazlaşma səviyyəsi ürəkaçan durumda deyil. Ona görə, Azərbaycanın iştirakı ilə Albaniyanın təsərrüfat subyektlərinin qazlaşdırılmasına qərar verildi. Plana əsasən, Albaniyada qaz anbarları, qaz şəbəkəsi yaradılacaq. Bununla yanaşı, Bosniya və Herseqovina hökuməti də müraciət edib. Ümumiyyətlə, Balkan ölkələri Avropanın ən zəif qaz şəbəkəsinə malik olan ölkələrdir. Biz burada böyük perspektivlər görürük. İxrac etdiyimiz qazın həcmi artdıqca bizim maraqlarımız Yunanıstan və İtaliyadan da uzağa, yəni Balkan ölkələrinə qədər uzana bilər. Bununla bağlı mütəmadi danışıqlar aparılır. Lakin biz quru bəyanatlarla deyil, düşünülmüş plana uyğun hərəkət etməliyik.

- Balkan mövzusunun davamı olaraq belə bir sual vermək istərdim. Bolqarıstan "Balkan" qazpaylayıcı mərkəzin yaradılması üzərində aktiv çalışır. Baş nazir Boyko Borisov deyib ki, haba qaz Azərbaycan, Rusiya, İran və Türkmənistandan vurula bilər. Azərbaycan tərəfinin mövqeyi necədir?

- Səmimi olsaq, mən 20 ildir bu söz-söhbətləri eşidirəm. Lakin 20 il ərzində bu istiqamətdə heç bir qazpaylayıcı mərkəz yaradılmadı. Bunun üçün siyasi iradə lazımdır. Bir qədər də dəqiqləşdirsəm, qaz satan tərəfin siyasi iradəsi olmalıdır. Bu cür layihələrin anonsu hansısa siyasətçinin bəyanatından yuxarı səviyyəyə çıxmır. Reallıqla ayaqlaşmaq lazımdır. Boyko Borisov deyir ki, ölkəsini haba çevirəcək. Hansı qazın hesabına? Fərz edək ki, söhbət rus qazından gedir. Vaxtilə "Cənub axını" layihəsi var idi, onun icrası dayandırıldı. Bu gün Rusiya Türkiyə ilə tərəfdaşlığı genişləndirir. Deməli, Bolqarıstan yenə qaldı kənarda. Digər tərəfdən, axı Bolqarıstanın real kommunikasiyaları yoxdur. Hazırda rəsmi Sofiyanın həyata keçirə biləcəyi bircə yeganə layihə Bolqarıstan-Yunanıstan interkonnektorunun tikintisidir. Avropa İttifaqı da bu layihəni dəstəkləyir. Bolqarıstan-Yunanıstan interkonnektoru tikildikdən sonra Bolqarıstana kim qaz sata bilər? Qalır yalnız Azərbaycan variantı. Bugünkü reallıq ancaq bundan ibarətdir. Maraqlı bir məqam da ondan ibarətdir ki, biz nəhəng layihələrin altına girdik və yalnız müvafiq sənədləri imzaladıqdan bununla bağlı bəyanat verdik, lakin Bolqarıstanın nə qazı, nə infrastrukturu var, nə bir müqavilə imzalayıb, amma illərdir bu cür bəyanatlar verir.

"Transxəzər kəmərinin Azərbaycanın hesabına tikilməsinə razı deyiləm"

- Türkmənistan qazının Avropaya çatdırılması ilə bağlı bir sual vermək istərdim. Türkmənistanın Azərbaycanın infrastrukturundan istifadə etməsi indiki şəraitdə nə qədər realdır?

- Türkmənistan qazını Azərbaycana gətirmək, yaxud onu tranzit şəkildə Azərbaycan ərazisi üzərindən Avropaya nəql etmək bu gün olduqca tam realdır. Mən sizi əmin edirəm ki, bu məsələdə heç bir texniki problem yoxdur. Biz bunu asanlıqla həyata keçirə bilərik. Qaz kəmərlərini tikmişik, yataqları da birləşdirmişik. Dəfələrlə bu məsələ bizim türkmənistanlı həmkarlarımızla müzakirə olunub. Soruşa bilərsiniz ki, bəs problem nədədir? Problem ondadır ki, Türkmənistan tərəfi heç bir qərar qəbul etməyib. Türkmənistanın vaxtilə Rusiya ilə olduqca yaxşı münasibətləri var idi, onlar öz qazını Rusiyaya satırdı. Lakin sonradan siyasi və iqtisadi səbəblərdən onlar Asiya bazarları ilə işləməyə başladı. Türkmənistan tərəfi Avropa İttifaqı rəsmilərinə dəfələrlə bildirib ki, Avropaya 30 milyard kubmetr qaz nəql etməyə hazırdır. Türkmənistan tərəfi deyir ki, biz qazı çatdırırıq Xəzərin o birini tayına, yəni Azərbaycana, oradan isə özünüz aparın Avropaya. Bu yanaşma ciddi deyil. Danışıqlar bu şəkildə aparılmamalıdır. Belə yanaşmadan sonra təkcə məndə 100 dənə əlavə sual yaranır. Başqa sözlə, əvvəlcə bu cür layihələrin icrasında siyasi iradə, konkret fikir olmalıdır. Mənim yadımdadır ki, Günter Ottinger mənimlə görüşündə sevinə-sevinə dedi ki, mən Türkmənistan tərəfinin razılığını almışam, vəssalam, Türkmənistan qazını Avropaya çatdıracağıq. 20 ildir bu işlə məşğul olan bir adam kimi mən də dedim ki, eyforiyaya qapılmaq lazım deyil, onların indiyədək bir sazişin altında imzası yoxdur. Hər bir işdə praqmatizm olmalıdır.

- Başqa sözlə, Türkmənistan prezidentinin Almaniya kansleri Angela Merkellə görüşündə səsləndirdiyi bəyanata da çox ümid bəsləmək lazım deyil?

- Həmin bəyanatda deyilirdi ki, Türkmənistan tərəfi qazını Avropaya nəql etməyə hazırdır. Yenə deyirəm, bu cür açıqlamaları biz çox eşitmişik. Danışıqlar masası arxasında hər şeyi konkretləşdirmək, bir "yol xəritəsi" hazırlamaq lazımdır. Mən Türkmənistan prezidenti ilə şəxsən bu məsələni müzakirə etmişəm. O bildirdi ki, Türkmənistan tərəfi Azərbaycana 10 milyard kubmetr qaz nəql etməyə hazırdır. Çox gözəl! Söhbət balaca həcmdən getmir. Ancaq onlar Transxəzər kəmərini bu cür görür: biz qaz veririk, ancaq kimsə kəməri tiksin. Azərbaycan? Şəxsən bir nazir kimi mən buna razı deyiləm. Avropa İttifaqı? Onlar da bunu edə bilmir, çünki siyasi qurumdur. Avropa İttifaqı bundan maraqlıdırsa, deməli, öz şirkətləri bunu müzakirə etməlidir. Bundan sonrakı proseduru siz bilirsiniz.

"Mən indiyə qədər başa düşə bilmirəm ki, "Cənub axını" layihəsi ilə nəql olunacaq 63 milyard kubmetr qaz kimə lazımdır?"

- Təklif edirəm ki, qonşularla bağlı mövzunu davam etdirək. FETÖ hadisələri ilə bağlı SOCAR-ın aktivləri olan həm "SOCAR Turkey Energy", həm də "Petkim"də saxlanılanlar oldu. Bu hadisənin SOCAR-ın Türkiyədə reallaşdırdığı layihələrə təsiri ola bilərmi?

- Düşünmürəm ki, bu hadisələrin nə Azərbaycan-Türkiyə münasibətlərinə, nə də Azərbaycanın reallaşdırdığı layihələrə, o cümlədən SOCAR-ın qardaş ölkədəki fəaliyyətinə xələl gətirə bilər. Bir şeyi dəqiq bilirəm ki, Azərbaycan-Türkiyə qardaşlığı əbədidir. Türkiyə TANAP layihəsini öz doğma layihəsi kimi görür.

- Türkiyə-Rusiya münasibətlərinin bərpasından çəkinməyə dəyərmi? Sualı ona görə verirəm ki, "Qazprom" artıq "Türk axını" layihəsinin bərpası ilə bağlı rəsmi Ankaradan razılıqları alıb. "Qazprom"un rəhbəri Aleksey Miller isə deyib ki, Ankara rus qazının Yunanıstan sərhədlərinə qədər nəqlinə imkan yaradacaq.

- "Türk axını" "Cənub axını" layihəsi dayandırıldıqdan sonra meydana çıxdı. Ancaq layihənin ötürücülük qabiliyyəti 63 milyard kubmetrdir. Mən indiyə qədər başa düşə bilmirəm ki, 63 milyard kubmetr qaz kimə lazımdır? İndiki vəziyyətdə Türkiyə qaza olan tələbatını tam ödəyir və gələcəkdə ciddi tələbatın yaranacağı gözlənilən deyil. İndi isə baxaq Türkiyənin ətrafına. Rusiya Bolqarıstana başqa marşrutla onsuz da qaz satır. Yunanıstanın da qaza ehtiyacı yoxdur. Bəs kimə satılacaq bu 63 milyard kubmetr qaz? Ümid edirəm ki, bu suallara tərəflərin cavabı var. Əgər Yunanıstana qaz aparmaq istəyirlərsə, burada da bir çox suallar meydana çıxır. Çünki, tərəflər arasında müqavilə yoxdur.

Foto - Ramil Zeynalov © APA HOLDİNG

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR