Qara Qarayevin əsərlərinin orqan üçün işləmələrindən ibarət diskin təqdimatı keçirilib

Qara Qarayevin əsərlərinin orqan üçün işləmələrindən ibarət diskin təqdimatı keçirilib
# 06 fevral 2017 16:40 (UTC +04:00)

Xalq artisti Qara Qarayevin əsərlərinin orqan üçün işləmələrindən ibarət diskin təqdimatı keçirilib. APA-nın məlumatına görə, Bakı Musiqi Akademiyasının konsert zalında baş tutan təqdimat mərasimində çıxış edən akademiyanın rektoru, xalq artisti Fərhad Bədəlbəyli Qara Qarayevin Azərbaycan musiqisinin inkişafındakı xidmətlərindən danışıb, onu dahi bəstəkar, böyük musiqiçi kimi dəyərləndirib. F. Bədəlbəyli qeyd edib ki, 2018-ci ildə Qara Qarayevin 100 illik yubileyi ilə əlaqədar silsilə tədbirlər keçiriləcək.

Tanınmış orqan ifaçısı Cəmilə Cavadova-Spitsberq disk haqqında məlumat verib. O, qeyd edib ki, diskin yazılışı Niderland Krallığının Rottendam şəhərindəki St.Laurens kilsəsində həyata keçirilib.

Onun sözlərinə görə, diskə 23 musiqi nümunəsi daxil edilib. Bunlardan 15-i prelüd, digərləri isə “Tsarskoye selo heykəli”, “Don Kixot” simfonik qravürləri, “İldırımlı yollarla” baletindən “Lay-lay” və “Ehtiraslı qızın rəqsi”, “Yeddi gözəl” baletindən vals və başqa əsərlərdən parçalardır.

Müəllif həmçinin dünya şöhrətli bəstəkarın əsərlərinin orqan üçün işləmələrini ilk dəfə Bakı Musiqi Akademiyasının Orqan və klavesin kafedrasının professoru Tahirə Yaqubovanın hazırladığını vurğulayıb: “Bu addım məni ilhamlandırdı və yeni bir ideyanın yaranmasına şərait yaratdı. İnanıram ki, bu əsərlər Qara Qarayev musiqisinin orqan aləti sahəsində boşluğuna öz töhfəsinə verəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR