Bakı Ağır Cinayətlər Məhkəməsində əmisini öldürüb daha sonra evini yandıran Məzahir Şıxməmmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
APA-nın məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən iclasda anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı dekabrın 16-na təyin edilib.
Xatırladaq ki, cinayət işi oktyabr ayında baxılması üşün məhkəməyə göndərilsə də, iş yenidən istintaqa qaytarılmışdı.
Qeyd edək ki, hadisə bu il martın 8-də "Gənclər Şəhərciyi" yaşayış kompleksi, giriş 76, ev 11 ünvanında baş verib. Həmin mənzildə çarpayıda yanmış kişi meyiti aşkarlanıb.
Abşeron Rayon Polis İdarəsinin Cinayət axtarış şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı müəyyən olunub ki, yanğın zamanı dünyasını dəyişən Şıxməmmədov Namiq Kamal oğlunun sifət nahiyyəsində sınıq xəsarətləri var. Araşdırmalarla bu hadisəni mərhumun qardaşı oğlu, 1996-cı il təvəllüdlü Şıxməmmədov Məzahir Ehtiram oğlunun törətdiyi və izi itirmək məqsədilə mənzilə od vurduğu məlum olub.
Hadisəni törədən şəxs yaşadığı Sumqayıt şəhər, 17-ci mikrorayon, ev 18, mənzil 38 ünvanında saxlanılaraq Abşeron Rayon Polis İdarəsinə gətirilib.
Ona Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham verilib.