Ukraynalı menecer: “Bakı” klubuna transfer yasağı da olacaq, komandanın hesabından xal da silinəcək”

Ukraynalı menecer: “Bakı” klubuna transfer yasağı da olacaq, komandanın hesabından xal da silinəcək”
# 04 fevral 2014 15:11 (UTC +04:00)

Bakı – APA. “Müştərimin “Bakı” klubundan alacağı var və bu, borc ödənilməlidir. Məbləği açıqlamaq istəmirəm, ancaq elə də böyük deyil. Təxminən, Azərbaycanda çıxış edən futbolçuların 3-4 aylıq məvacibi qədərdir”. Bu sözləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun sabiq futbolçusu Ruslan Leviqanın meneceri Andrey Bileyçuk deyib.

“Bakı”nın ukraynalı sabiq futbolçusu ilə bağlı FİFA Mübahisələrin Həlli Palatasının tələbini yerinə yetirməməyi paytaxt təmsilçisinə baha başa gələ bilər.

Belə ki, ali futbol qurumu ötən ilin iyununda “zolaqlılar”ın hazırda “Neftyanik-Ukrneft”in şərəfini qoruyan sabiq üzvünə olan borcunun, həmçinin məvacibi gecikdirdiyi üçün əlavə faiz ödənilməsi ilə bağlı qərar qəbul edib. Lakin bakılılar bu tələbi yerinə yetirmədiklərindən, Bileyçuk bununla bağlı Palatanı məlumatlandırıb.

Leviqanın meneceri əməkdaşımızla söhbətində “Bakı”nın qeyri-peşəkar davrandığını söyləyib: “Bakı”nın prezidenti Hafiz Məmmədov çox gözəl insandır, dünya səviyyəsində tanınan bir şəxsdir. Onun klub üçün necə şərait yaratdığının canlı şahidiyəm. Lakin təəssüf ki, klub rəhbərliyində qeyri-peşəkar insanlar yer alıb. “Bakı”nın əldə etdiyi uğursuz nəticələrin başlıca səbəbi də budur. Konkret Leviqa ilə bağlı məsələyə gəlincə, ya Hafiz Məmmədovun bu işdən xəbəri yoxdur, ya da ona yanlış informasiya verirlər. Bilirsiniz, Palata qərar qəbul edib və buna əməl olunmalıdır. Oxudum ki, apelyasiya şikayəti vermək istəyirlər. Bunu söyləmək üçün qanunlardan xəbərsiz olmalısan. Qərar ötən ilin iyulunda çıxarılıb. Apelyasiya üçün bəlli bir vaxt olur, 6 aydan sonra bunu etmirlər”.

Bileyçuk bildirib ki, “Bakı”nı ağır sanksiyalar gözləyir: “Əgər Leviqaya olan borc tezliklə ödənilməsə, yaxın vaxtlarda “Bakı” klubu sərt şəkildə cəzalandırılacaq. Komandanın hesabından xal silinəcək və növbəti 2 “transfer pəncərəsi” zamanı futbolçu alınmasına qadağa qoyulacaq. Bununla bağlı FİFA-dan həm “Bakı”ya, həm də AFFA-ya rəsmi məktub göndərilib. Biz də istəməzdik ki, məsələ bu həddə çatsın. Bu işdə biz 100 faiz haqlıyıq. Əlimizdə hər iki tərəfin imzası olan müqavilə var. FİFA kifayət qədər ciddi qurumdur, onun qərarlarına barmaqarası yanaşmaq olmaz. Doğru olan “Bakı”nın borcunu ödəməsidir. Əks halda, cəzalanacaqlar. Bu isə həm klubun, həm də Azərbaycan futbolunun adına xələl gətirəcək”.

“Bakı”nın qış “transfer pəncərəsi” dövründə yeni futbolçu almamağı diqqət çəkməyə bilməz. Olmaya, FİFA artıq paytaxt klubuna transfer yasağı qoyub? Bileyçuku dinləyək: “Məndə olan məlumata görə, hələlik sanksiya tətbiq olunmayıb. Lakin Leviqaya olan borc ödənilməsə, “Bakı”ya transfer yasağı da olacaq, komandanın hesabından xal da silinəcək”.

Qeyd edək ki, Ruslan Leviqanın “Bakı” karyerası uzun olmayıb. O, 2011-ci ildə transfer olunduğu komandada 6 ay keçirib və baş məşqçi Aleksand Starkovun istəyi ilə göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR