ADA-da “İnsan resurslarının idarə edilməsi sahəsində son meyllər” mövzusunda forum keçirilib - FOTO

ADA-da “İnsan resurslarının idarə edilməsi sahəsində son meyllər” mövzusunda forum keçirilib - <span style="color: red;">FOTO
# 07 noyabr 2013 09:28 (UTC +04:00)

Bakı – APA. Azərbaycan Diplomatik Akademiyası (ADA) Azərbaycan Bank Tədris Mərkəzi (ABTM) ilə birgə “İnsan resurslarının idarə edilməsi sahəsində son meyllər” mövzusunda forum təşkil edib.

ADA Kommunikasiya Departamentindən APA-ya verilən məlumata görə, forumun məqsədi insan resurslarının idarə edilməsi sahəsində dünyada və ölkədə gedən son meylləri müxtəlif təşkilat və biznes qurumlarının insan resurslarının idarə edilməsi üzrə məsul şəxsləri ilə müzakirə etmək və qarşılıqlı faydalı fikir mübadiləsi aparmaqdan ibarət olub.

Qonaqları salamlayan ADA-nın prorektoru Emin Hüseynov tədbirin həm mövcud tendensiyaların müzakirə edilməsi, həm də insan resursları üzrə menecerlər arasında faydalı şəbəkənin qurulması baxımından əhəmiyyətli olduğunu qeyd edib. Daha sonra o, ADA-da təklif edilən magistratura və ixtisasartırma proqramları, o cümlədən professor və müəllim heyəti haqqında Forum iştirakçılarını məlumatlandırıb. ADA-da fəaliyyət göstərən Karyera İdarəetmə Mərkəzini xüsusi vurğulayan E.Huseynov bu mərkəzin ADA tələbələrinin universiteti bitirdikdən sonra iş həyatına hazırlanması və işlə təmin olunmasında oynadığı roldan danışıb.

Daha sonra təqdimatla çıxış edən ABTM-in direktoru Cavanşir Abdullayev insan resurslarının idarə edilməsi sahəsində geniş təcrübəsini iştirakçılarla bölüşüb. Qeyd edək ki, ABTM 2011-ci ildən başlayaraq bank və qeyri-bank biznes qurumlara onların sifarişləri əsasında həm işləyənlərin, həm də iş üçün müraciət edən namizədlərin bilik səviyyələrinin müvafiq olaraq tutduqları və iddia etdikləri vəzifələrə uyğunluğunun test vasitəsi ilə qiymətləndirilməsi xidmətləri göstərir.

Forum zamanı insan resurslarının idarə edilməsində son meyllər, insan resurslarının planlaşdırılması və işə qəbul sahəsində qabaqcıl təcrübələr, kadr ehtiyatının yaradılması və idarə edilməsi, işçi heyətinin təlimləndirilməsi və inkişafı və s. bu kimi mövzular ətrafında çıxışlar edilmiş və müzakirələr aparılmışdır. Forumun sonunda ADA-da HR Klubunun yaradılması ideyası iştirakçıların müzakirəsinə təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR