«Elmlər Akademiyası» metro stansiyasında ikinci giriş platforma səviyyəsinə çatıb

«Elmlər Akademiyası» metro stansiyasında ikinci giriş platforma səviyyəsinə çatıb
# 29 oktyabr 2013 09:49 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Bakı Metropoliteninin «Elmlər Akademiyası» stansiyasında ikinci çıxışın inşası ilə bağlı işlər davam etdirilir. «APA-Economics»in Metropolitenə istinadən verdiyi məlumata görə, tikilən metropoliten müdiriyyətinin sahəyə məsul işçisi, tikintinin qəbulu üzrə müfəttiş Hüseyn Yaqubov inşaat işlərinin aparılması baxımından ərazinin mürəkkəb olduğunu qeyd edib.

O, bildirib ki, ikinci çıxışın təməli qazılarkən, əvvəlcədən burada xüsusi inyeksiya işi aparılıb və inşaatda tətbiq olunan müasir «jet qrautinq» üsulu ilə həm maili, həm də piyada tunellərinin ətrafı sementlənmə ilə bərkidilib.

Əsas işləri «Azərtunelmetrotikinti» SC-nin 1 nömrəli Tunel Tikinti İdarəsi yerinə yetirir. Sahə rəisi Nuru Qaracayev bildirib ki, ilkin mərhələdə 83 metr uzunluğunda maili, daha sonra 36 metr uzunluğunda üfüqi tunellər qazılıb. Üçüncü mərhələdə sağ qanadda düzbucaq altında 12 metrlik yol keçilib. Hazırda qatar hərəkəti tuneli səmtində iki mədən dəhlizində (ştolnya) işlər aparılır. Stansiyanın hərəkət tunellərinin birinin üzərindən artıq işlər başa çatdırılıb. Burada platformanın orta zalına aparan istiqamətdə daha 3 metrlik sahədə betonlanma işi də yerinə yetirilib. İkinci mədən dəhlizində orta zala doğru qazıntının yarısı yekunlaşdırılıb. Hər iki sahədə metal izolyasiyası və dəmir-beton köynəyin qurulması davam etdirilir.

Qeyd edək ki, qazılmış 83 metrlik tunelin 25 metrlik hissəsində yığılmış halqalar söküldükdən sonra burada yeraltı vestibül inşa olunacaq. Birləşmiş dartı-azaldıcı yarımstansiyada (BDAY) da əsas inşaat işləri başa çatdırılıb. Buradakı işləri «Azərtunelmetrotikinti»nin Xüsusi Hidrotexniki İşlər İdarəsi aparır. Dəmir-beton konstruksiya və arakəsmələrin qurulması başa çatdırılıb.

İkinci giriş-çıxışın memarlıq layihəsi üzərində son tətbiqi işlər yerinə yetirilir. Bütün işlər dövlət proqramının icra müddəti ərzində, təxminən 2015-ci ilin ortalarında başa çatdırılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR