Azərbaycanın iqtisadiyyat və sənaye naziri İspaniyanın xarici işlər və əməkdaşlıq naziri ilə görüşüb

Azərbaycanın iqtisadiyyat və sənaye naziri İspaniyanın xarici işlər və əməkdaşlıq naziri ilə görüşüb
# 24 aprel 2014 09:29 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün Bakıda Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev İspaniya Krallığının xarici işlər və əməkdaşlıq naziri Xose Manuel Qarsia-Marqallonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

APA-Economics”in məlumata görə, görüşdə Azərbaycan və İspaniya arasında mövcud əlaqələr və əməkdaşlıq perspektivləri müzakirə edilib.

Ş. Mustafayev bildirib ki, Azərbaycan və İspaniya arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə əlaqələr uğurla inkişaf edir: “İki ölkə arasında əməkdaşlıq əlaqələrinin genişlənməsində rəsmi səfərlər və keçirilən görüşlər əhəmiyyətli rol oynayır. İspaniya nümayəndə heyətinin Azərbaycana növbəti səfəri də ölkələr arasında iqtisadi əlaqələrin inkişafına töhfəsini verəcək”.

Azərbaycan və İspaniya arasında əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayan Ş. Mustafayev mümkün əməkdaşlıq istiqamətləri barədə məlumat verib. O qeyd edib ki, müqavilə-hüquq bazasının genişləndirilməsi, xüsusilə də investisiyaların təşviqi və qarşılıqlı qorunması sahəsində Sazişin imzalanması əlaqələrin inkişafı baxımından əhəmiyyətlidir.

Görüşdə Ş. Mustafayev Azərbaycan iqtisadiyyatı barədə məlumat verib, ölkəmizin etibarlı tərəfdaş, Cənubi Qafqaz regionunun iqtisadi və mədəni mərkəzi olduğunu, siyasi və makroiqtisadi sabitliyin təmin edildiyini, ölkəmizin əlverişli coğrafi mövqedə yerləşdiyini, eləcə də investorlar üçün əlverişli şərait yaradıldığını vurğulayıb.

İspaniya Krallığının xarici işlər və əməkdaşlıq naziri Xose Manuel Qarsia-Marqallo Azərbaycan iqtisadiyyatının sürətlə inkişaf etdiyini, İspaniyanın ikitərəfli əlaqələrin genişləndirilməsində maraqlı olduğunu vurğulayıb.

O, müxtəlif sahələrdə əməkdaşlıq imkanlarına dair fikirlərini bölüşərək qeyd edib ki, Azərbaycan iqtisadiyyatının diversifikasiyası ispan iş adamlarının ölkəyə investisiya qoyuluşu imkanlarını daha da artırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR